NATO-nun çoxmillətli Şimal-Şərq korpusunun komandanı, general-leytenant Yurgen-Yoahim fon Zandrart hesab edir ki, Rusiya Ukraynadakı müharibəyə baxmayaraq, döyüş qabiliyyətini bərpa edir və bu Baltik region üçün artan təhlükədir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə LRT-yə müsahibəsində danışıb.
"Rusiya hazırda Ukraynaya qarşı qeyri-qanuni müharibəyə böyük ölçüdə sadiqdir, lakin o, artıq Ukraynadakı müharibədən ayrı olaraq öz imkanlarını bərpa etməyə başlayıb və bundan sonra da bərpa etməyə davam edəcək. Bu, Baltik dənizi regionu üçün artan təhlükədir", deyə fon Zandrart bildirib.
Bu baxımdan o, Rusiyanın NATO-ya qarşı resurslarını səfərbər etdiyini deyən Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin haqlı olduğunu etiraf edib.
"Lakin biz buradan çıxardığımız nəticələrlə çox diqqətli olmalıyıq. Düşünürəm ki, satınalma və Litva silahlı qüvvələrinin potensialının gücləndirilməsi ilə bağlı fəaliyyətə çevrilən nəticələr çox müdrikdir və düzgün istiqamətə yönəldir", deyə general-leytenant qeyd edib.
O, həmçinin vurğulayıb ki, Rusiyadan yalnız pilotsuz uçuş aparatların və hava hücumundan müdafiə sistemlərinin alınması ilə müdafiə oluna biləcəyinə inanmaq yanlışdır.
"Birləşmiş quru, dəniz, hava, kiber və yumşaq güc... Yenə də döyüş meydanını müəyyənləşdirəcək", deyə o, əlavə edib.
Bir müddət əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bəyan edib ki, Rusiyanın Baltikyanı ölkələrə və NATO-nun digər üzvlərinə hücumu an məsələsidir. O, həmçinin narahatdır ki, əgər Qərb müttəfiqlərində Ukraynanın qalib gəlməsinə kömək etmək üçün siyasi iradə yoxdursa, Rusiya bunu qələbə kimi qəbul edib yeni müharibəyə hazırlaşmağa başlayacaq, qonşularından biri isə təcavüzün qurbanına çevrilə bilər.
Nizami Bağırov
Şərhlər