Rusiya qarşıdan gələn ABŞ seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Trampı, İran isə Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləməyə çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi” ABŞ kəşfiyyatına istinadən məlumat
yayıb.
Milli Kəşfiyyat İdarəsi hesab edir ki, amerikalı seçiciləri, qarşıdakı prezident seçkilərinin nəticələrinə təsir göstərməyə və prosesin özünü şübhə altına almağa yönəlmiş ABŞ əleyhdarları tərəfindən təşkil edilən dezinformasiya və təsir kampaniyalarına məruz qalacaqlar.
"Kəşfiyyat icması xarici təsir edənlərin seçki məntəqələri bağlandıqdan sonra seçki nəticələrinin etibarlılığını şübhə altına almaq üçün kampaniyalarını davam etdirmələrini gözləyir”, - anonimlik şərti ilə danışan ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisi bildirib.
ABŞ kəşfiyyat rəsmiləri xəbərdarlıq edib ki, ABŞ-ın rəqibləri seçkinin nəticələrinə inamı sarsıtmaq üçün "Helen” qasırğasının vurduğu ziyandan və "Milton” qasırğasının potensial zərərindən istifadə edəcəklər.
"Biz, şübhəsiz ki, xarici dövlətlərin bu cür vəziyyətlərdən istifadə etmələrini və daha da bölücü ritorikanı təşviq etmələrini gözləyirik”, - deyə kəşfiyyat rəsmisi bildirib.
ABŞ rəsmiləri bildiriblər ki, Rusiya, İran və Çin ABŞ seçicilərinə təsir etmək cəhdlərinin böyük hissəsinə görə məsuliyyət daşıyır.
Onların sözlərinə görə, Rusiya vitse-prezident Kamala Harrisin kampaniyasına zərər vermək, ABŞ-ın keçmiş prezidenti Trampın isə şanslarını artırmaq üçün təsir kampaniyalarını davam etdirir.
Eyni zamanda, ABŞ kəşfiyyat agentliklərinin məlumatına görə, İranın səyləri Trampa zərər vurmaqla yanaşı, Harrisə kömək etməyə yönəlib.
Nizami Bağırov
Şərhlər