Siyasət 14:35 25.10.2022

Rusiyaya notanı niyə XİN deyil, səfirlik verib? (ŞƏRH)

Azərbaycanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də bu ölkənin 1-ci  kanalında yayımlanan "Böyük oyun” verilişinin efirində bəzi politoloq və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.
 
Notada xüsusi vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər. Səfirlik nazirliyin diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir. 
 
Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir.
 
Sözsüz ki, Bakı tərəfindən Rusiyanın dövlət televiziyasında Azərbaycan əleyhinə gedən verilişlə bağlı etiraz bildirilməli idi. Amma maraqlıdır ki, Azərbaycanda hansısa bir olaya görə digər xarici ölkəyə nota vermək səlahiyyəti Xarici İşlər Nazirliyinin özünə məxsusdur.
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən hüquqşünas Ələsgər Əhmədoğlu bildirir ki, nota hər hansı bir ölkənin siaysətinə deyil, dövlət daxilindəki hansısa quruma yönəlirsə, səfirlik səviyyəsində də həmin səlahiyyət həyata keçirilə bilər:


 
"Söhbət ölkənin siyasətinə yönəlikdirsə, sözsüz ki, bu halda nota vermək Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Amma ölkə siyasətinə deyil, həmin ölkə içərisində hansısa dövlət mənşəli quruma yönəlikdirsə, ola bilər bu halda səfirliyə bununla bağlı nota məktubunu ünvana çatdırmaq üçün spesifik səlahiyyətlər verilib. Mahiyyət etibarı ilə bu diplomatik münasibətlərdə uyğun metodlardan biridir. 

ORT rəsmi dövlət kanalıdır. Azərbaycan dövlətini də Rusiyada səfirlik təmsil edir. Azərbaycan səfirliyi dövlətimizin xarici siyasət aspektindən təmsil olunduğu ölkədə hansısa bir formada məktubun çatdırılması ilə bağlı görəvləndirilə bilər. Bu aspektdən bu addım normal davranışdır”. 

Rüfət Sultan