Ekonomiks 18:11 01.04.2022

Saatlının yeni Baş planının detalları açıqlandı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onun sifarişi ilə hazırlanmış, Nazirlər Kabinetinin martın 29-da təsdiq etdiyi Saatlı şəhərinin yeni Baş Planının detallarını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, qurum bəyan edib ki, sayca 3-cü Baş Planını Dövlət Baş Layihə İnstitutu ("Azərdövlətlayihə”) hazırlayıb.

2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulan yeni sənəddə şəhər ərazisinin kompleks qiymətləndirilməsi, şəhərsalma təhlili nəticəsində gələcək inkişaf istiqamətləri müəyyən edilib.

Baş plana əsasən, yaxın 16 ildə şəhər əhalisinin sayının 34,9% artaraq 26 500 nəfərə çatması gözlənilir. Artım nəzərə alınaraq sakinlərin təhsil, səhiyyə, idman və digər ictimai tələbatlarına əsasən yeni məktəb və bağçaların, tibb, mədəniyyət və digər sosial obyektlərin yaradılması təklif edilir. Həmçinin istismar müddətini başa vurmuş mənzil fondunun yenilənməsi, adambaşına düşən ümumi yaşayış sahəsinin 22,5 m2-dən 25 m2-ədək artırılması nəzərdə tutulur. Şəhərin perspektiv iqtisadi inkişafı və əhalinin məşğulluğunu təmin etmək üçün sənaye ərazilərinin artırılması, yeni istehsalat zonasının formalaşdırılması planlaşdırılır.

Sənəddə şəhərin əsas infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi də prioritet olaraq seçilib. Belə ki, əlverişli, rahat, sürətli və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi üçün vahid sistemin formalaşdırılması, magistral küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 10,76 km-dən 17,91 km-ə çatdırılması nəzərdə tutulur.

O cümlədən əhalinin və qonaqların istirahəti, eləcə də iqlim şəraiti əsas götürülərək rekreasiya ərazisinin yaradılması, mövsümi istirahət üçün məkanların, məktəbli istirahət zonalarının təşkili edilməsi təklif olunur.