Asif Nərimanlı

Blogger
Yazılar
18
Səlcuq Bayraqdarın Bakıya gəlişinin strateji hədəfləri...

Səlcuq Bayraqdarın Bakıya gəlişinin strateji hədəfləri...

Qarabağ müharibəsinin və dünya müharibə strategiyasının mənzərəsini dəyişən "Bayraktar”ların yaradıcısı Səlcuq Bayraqdarın Bakıya gəlişi diqqəti iki məqama yönəldir:

- 44 günlük müharibədən sonra Bakıya səfər edən Bayraqdarın çantasında hansı layihə var?

- Səfərin Türk Şurasının Zirvə toplantısının keçirildiyi gün gerçəkləşməsi təsadüfdürmü?

Təsadüf deyil və istisna deyil ki, Azərbaycan paytaxtında böyük layihələrin təməli atılır. 

a) PUA-ların istehsalı məqsədilə Türkiyə-Azərbaycan ortaq mərkəzinin yaradılması: bu, Azərbaycanın müdafiə sənayesinin inkişafına dəstəklə yanaşı, ordumuzun ehtiyacı olan pilotsuz uçuş aparatlarının daşınması ilə bağlı yarana biləcək risklərin də önlənməsi məqsədi daşıya bilər; Azərbaycan-İsrail hərbi əməkdaşlığında belə bir təcrübə var;

b) Bakıda yaradıla biləcək pilotsuz uçuş aparatlarının istehsalı mərkəzi türk dünyasının gələcək hərbi strategiyasının bir hissəsidir: Bayraqdarın Zirvə toplantısı ilə eyni gündə gəlişi bu ehtimalı gücləndirir.

"Türk Şurasının 2020-2025 strategiyası” hazırlanır və türkdilli ölkələrin hərbi əməkdaşlığının dərinləşdirilməsi prioritet istiqamətlərdəndir: bu strategiyada türkdilli ölkələrin ordusunun və döyüş taktikasının dövrün tələbinə uyğun qurulması addımları atıla bilər, Qarabağda 44 günlük müharibə belə zərurəti bütün dünya üçün yaratdı; Azərbaycan artıq ordunun Türkiyə təcrübəsinə əsasən qurulması istiqamətdə proseslərə start verib, Türkiyə ilə hərbi saziş bağlayan Qazaxıstan və Özbəkistanda da eyni proseslərin olacağını görə bilərik; Qarabağ müharibəsi müasir döyüş taktikasında PUA-ların əhəmiyyətini göstərdi və istisna deyil ki,  Bakıda yaradıla biləcək ortaq istehsal mərkəzi türk dünyasının hərbi arsenalının bu texnikaya olan ehtiyacının ödənilməsini həyata keçirəcək.

Yer olaraq Bakının seçilməsi daşımalarda yarana biləcək risklərə alternativ marşrutun yaradılmasına hesablanıb.

Türkiyədən Azərbaycana və Mərkəzi Asiyaya çıxış üçün əsas marşrut hava yoludur. Zəngəzur dəhlizinin açılması prosesi gedir, lakin təhlükəsizliyini rusların təmin edəcəyi bu dəhlizdən hərbi yüklərin keçidi də həmişə münasib olmaya bilər. Bu baxımdan, Bakıda ortaq istehsal mərkəzi yaradılarsa, yüklərin Mərkəzi Asiya ölkələrinə alternativ marşrutla - dəniz yolu ilə çatdırılması imkanı yaranır və daşımalarda önəmli olan məsafənin yaxınlığı faktoru da var.

Proseslərin inkişafı həm də Bakının türk dünyasının mərkəzi olma perspektivi istiqamətindədir.

Asif Nərimanlı

OXŞAR XƏBƏRLƏR