Razılığa əsasən Qarabağdakı qanunsuz erməni silahlı dəstələri silahlarını təhvil verməyə başlayıblar. Proses Rusiya sülhməramlılarının nəzarəti altında həyata keçirilir. Daha doğrusu, silahlar məhz sülhməramlılara təhvil verilir. Artıq 800-ə yaxın silah-sursat, 6 ədəd hərbi texnika təhvil verilib.
Maraqlıdır, görəsən, ermənilərin rus sülhməramlılarına təhvil verdiyi silahların sonrakı aqibəti necə olacaq?
Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib ki, təslim edilən silah və hərbi texnikanın böyük əksəriyyəti Azərbaycana veriləcək:
"Birinci mərhələdə vaxtilə təmas xətti kimi fəaliyyət göstərən istehkam ərazilərində olan silah, sursat və hərbi texnikalar müsadirə olunacaq. Növbəti mərhələdə isə qondarma rejimin hərbi hissələri öz silahlarını təhvil verməklə fəaliyyətlərinə son qoyacaqlar. Əldə olunan razılaşmaya görə, proses rus sülhməramlılarının iştirakı ilə Azərbaycan Silahlı Qüvvələrinin müvafiq qrupları tərəfindən həyata keçirilir. Təhvil verilən silahların aqibətinə gəlincə, onların Azərbaycana verilməsilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Amma ehtimal olunur ki, bəzi texnikalar Azərbaycan Ordusunun nəzarətinə keçəcək. İstisna deyil ki, silahların bir qismi Ermənistan ordusunun özünə verilsin. Rusiya sülhməramlılarının bu hərbi texnikaları əldə etmək üçün hansısa bir addım atacaqlarını isə düşünmürəm. Oradakı rus hərbi kontingentinin xüsusi ağır texnikaları yoxdur. Onların fəaliyyət istiqamətlərində də ağır texnikalardan istifadə etmək nəzərdə tutulmayıb”.
Rüfət Sultan
Şərhlər