Ölkə 16:07 02.11.2023

Sərhədçilərdən qaçıb üzərək Ələtdən Xərə Zirə adasına getdilər...

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşlarından qaçan balıqçılarla bağlı iş baxılması üçün yenidən prokrorluğa göndərilib. 

Qaynarinfo-nun məlumatına görə, iki balıqçı - Cavid (şərti) və Hüseyn (şərti) "Proqress-4" tipli "Yamaha-40" asma mühərriklə təchiz edilmiş qayıqla Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizində hər birinin dəyəri 11 manat olmaqla, 110 ədəd torla balıq tutublar. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları onlara yaxınlaşkən tabesizlik göstərməklə qaçmağa cəhd etsələr də, qayığın mühərriki söndüyündən suya atlayaraq, üzə-üzə Xərə Zirə adasına qaçaraq gizləniblər. 

12 iyun 2023-cü il tarixdə qanunsuz balıq tutduqları üçün DSX-nin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Cavid sözügedən adada aşkar olunaraq saxlanılıb. Hüseyn isə könüllü olaraq təslim olub. 

Onlar Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər. Aparılan araşdırma zamanı 1 ədəd "ƏL-1431" bort nömrəli "Proqress-4" tipli "Yamaha40" asma mühərriklə təchiz edilmiş qayıq, 2 ədəd taxta avar, 1 ədəd 30 litrlik yanacaq qabı, 1 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və 110 ədəd kefal balığı müəyyən edilərək götürülüb. 

Barələrində Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə cinayət işi aılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Cavid və Hüseynin təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilib, cinayət işi ibtidai araşdırmanı  prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

Əhməd