Xəbər lenti

Sərxoş olub qonşusunun evindən oğurluq etdi
Sağlamlıq 13:56 24.06.2026

Sərxoş olub qonşusunun evindən oğurluq etdi

Gəncədə qonşusunun mənzilinə qanunsuz daxil olaraq müxtəlif məişət əşyaları və geyimlər oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs tamah niyyəti ilə qonşusuna məxsus mənzilə daxil olaraq oradan müxtəlif əşyaları oğurlayıb. Hadisə Gəncə şəhərinin 2-ci mikrorayon ərazisində baş verib.

İstintaqla müəyyən edilib ki, o, gecə saatlarında mənzilin pəncərəsini fiziki güc tətbiq etməklə açaraq evə daxil olub. Daha sonra evdən qadın və kişi ayaqqabıları, qadın gödəkçəsi, xalçalar, ədyal, divan yastıqları, elektrikli üzqırxan, saç feni, çaydan, xrustal qab-qacaq və digər məişət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.

Oğurlanan əşyaların ümumi dəyərinin 1520 manat olduğu müəyyən olunub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs zərərçəkmişlə qonşu olduğunu bildirib. O, mənzilə eyvandan keçərək daxil olduğunu və bir sıra əşyaları oğurladığını etiraf edib. Bununla yanaşı, ittihamda göstərilən bəzi əşyaları oğurlamadığını deyib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Şübhəli şəxs qismində saxlanıldığı 2 gün cəza müddətindən çıxılıb və onun üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid

--> -->