Siyasət 15:31 25.05.2023

“Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz inkişaf edir, İran isə...” - Ekspert

"İnanmıram ki, İran bu addımdan qıcıqlanacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Azərbaycanla Səudiyyə Ərəbistanı arasında energetika sahəsində əməkdaşlığa dair imzalanan sazişin İranı yenidən özündən çıxarıb-çıxarmayacağını şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, bu əməkdaşlıqda ənənəvi enerji sahəsi əsaslı rol oynamadığından İrana bazar sahəsində hansısa bir əngəl yatarmır:



"Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əlaqələr çoxdan mövcuddur. Yəni, bu istiqamətdə əlaqələr yeni deyil ki, İran üçün gözlənilməz olsun. Digər tərəfdən, bilirik ki, İranın özünün Səudiyyə Ərəbistanı ilə münasibətlərində yeni detal və formalar üzə çıxmağa başlayıb. İki ölkənin rəsmiləri münasibətlərin normallaşması ilə bağlı Çinin vasitəsilə təmaslara başlayıblar. Həmçinin, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığının böyük hissəsi alternativ enerji ilə bağlıdır. Yəni, bu əməkdaşlıqda ənənəvi enerji sahəsi əsaslı rol oynamır ki, İrana bazar sahəsində hansısa bir əngəl yaratsın”.

Neft-qaz sahəsi üzrə mütəxəssis Zəfər Vəliyev də qeyd edir ki, Bakı ilə Əl-Riyad arasında sözügedən əməkdaşlıq üçüncü dövlətlərin, o cümlədən İranın maraqlarına zidd deyil:


 
"Əl-Riyadla Bakı arasında əməkdaşlıq uzun müddətdir ki, davam edir. Səudiyyə Ərəbistanı ilə yaşıl enerji sahəsində əməkdaşlığımız çoxdan var. Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı həmkarı arasındakı görüşdə də energetika sahəsində geniş spektri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub. Bu məsələlər Bakı və Əl-Riyadın maraqlarına cavab verən məsələlərdir. Bu məsələnin İranla heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, son dövrlər İranın özünün də Çinin vasitəsilə Səudiyyə Ərəbistanı ilə yaxınlaşması müşahidə olunur. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq üçüncü dövlətlərin maraqlarına zidd məsələlər deyil və ola da bilməz”. 

Qeyd edək ki, Azərbaycan energetika naziri Pərviz Şahbazov Bakı ilə Əl-Riyad arasında energetika sahəsində əməkdaşlığa dair sazişin imzalandığını bildirib. O, vurğulayıb ki, iki ölkə  arasında enerji sahəsində əməkdaşlıq çoxşaxəli və hərtərəfli olacaq”. 

Rüfət Sultan