Amal Abuşov
İdman 10:20 20.02.2019

Ştuxlikin “soyqırımı”

Amal Abuşov

Türklərin məşhur deyimi var, onu həmişə bəyənmişəm: "Bir mühəndis kolay yetişmiyor”. Sadə, sadə olduğu qədər də vacibdi. Bilənlər bilir ki, Türkiyədə mühəndis necə hörmətli sənət sayılır, o mərtəbəyə çatmaq üçün neçə mərhələdən keçirsən. İbtidai sinifdən, valideyn tərbiyəsindən tutmuş ali məktəb təhsili və iş tərcübəsi sonda insanı kamil mühəndisə çevirir.

İndi həmin deyimi bir qədər dəyişik formada Azərbaycan üçün deyək: "Bir FİFA referisi asan yetişmir”. Çox yox, 4-5 il bundan əvvəl rüşvətxor hakimlərin əlindən cana yığılmışdıq. Oyunların nəticələrini öz istədikləri formada həll edirdilər, öz köməklərini qədim peşə sahibləri kimi hərraca çıxarmışdılar. Kim çox pul verdisə...

AFFA və PFL rəhbərləriyinin qətiyyətli qərarlarından sonra belələrindən qurtulduq, ortaya yeni gənc hakimlər çıxdı, səhv edə-edə öyrəndilər. Bəli, bu gənclər də səhvlərdən xali deyildilər. Amma heç kim onların qərəzli olduğuna inanmır, rüşvət söhbətləri yaxına buraxılmırdı. Elə bunun nəticəsidi ki, qısa müddət ərzində Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Rza Məmmədov, Namiq Hüseynov, Rauf Cabbarov, Rəvan Həmzəzadə kimi gənclər aparıcı söz sahiblərinə, Azərbaycan hakimlərinin simasına çevrildilər. Onları bir günün içində yetişdirmədik, illərlə çəkilən zəhmət və xərclərin, xaricdə təşkil olunan təlim-məşq toplanışlarının, qonorarların artırılmasının, gənclərə verilən dəstəyin və göstərilən etimadın nəticəsi bu olmalı idi. Oldu da.

Amma kimlərsə hadisələrin belə gedişatından narazı qaldılar və suyu bulandırmağı bacardılar. Artıq sentyabr ayından bəri hakimlərə qanı qanımızdan, canı canımızdan olmayan avstriyalı Fritz Ştuxlik rəhbərlik edir. Guya ki, adam bizim üçün hakim yetişdirəcək, gənclərimizin Avropaya yolunu açaqmış. Soruşan olmadı ki, adam öz ölkəsində, Avropanın göbəyində bu işi niyə bacarmadı, Avstriyada Hakimlər Komitəsinin sədri vəzifəsindən nə üçün qısa müddətdə qovuldu? Biz isə onun ovcumuzun üstündə saxlayır, bir ətək də maaş veririk.

Ştuxlik harda olduğunu unudub, həmdillisi Berti Foqts kimi bizi ibtidai insanlarla dəyişik salıb. Elə bilir ki, bizim dünyadan, futboldan, hakimlikdən xəbərimiz yoxdu. Ona qədər yetişən gənc hakimlər göydən zənbillə düşüblər, yoxsa neft quyusundan fontan vurublar?! Ştuxlik deyir ki, hakimlər mənim təyin etdiyim saatda fiziki məşğələlərə qatılmalıdır. Gəlməyənlər təyinat almayacaqlar. Artıq bu sərt qayda bütün hakimlərin gözünü qorxudub.  Fritz unudub ki, hakimlik Azərbaycanda peşəkar iş deyil, həvəskar peşədi. Təyinat olmayanda hakimlər qonorar, yəni ailələrini dolandırmaq üçün çörək pulu almırlar. Məcburdular ki, əlavə iş yeri tapsınlar, evlərinə çörək aparsınlar. Sabah Ştuxlik onlara təyinat verməyəndə balalarına necə çörək almalıdılar?

Amma Ştuxlik bunu düşünmür. Onun ilk qurbanı da var. FİFA dərəcəli yan xətt hakimi Namiq Hüseynov fiziki məşğələnin birini buraxdığı üçün oyunlara təyinat almır. Gənc laysman sonuncu dəfə dekabrın 9-da "Səbail” – "Qəbələ” oyunu zamanı İnqilab Məmmədova kömək edib. Vəssalam. Qış fasiləsindən sonrakı üç tur ərzində də Hüseynov təyinat üzü görməyib. Nəymiş ki, Ştuxlik ona qəzəbliymiş və digərlərinə də gözdağı verirmiş.

Sabah biz o Namiq Hüseynovdan Azərbaycanı Avropanın yaşıl meydanlarında uğurla təmsil etməyi necə gözləyək, ay Ştuxlik?! Sən gəldi-gedərsən, bizə isə namiqlər qalacaq. Namiq Hüseynovu bir günə, bir aya yetişdirməyiblər ki, indi onun üstündən bircə məşğələyə görə xətt çəkəsiz. Bu ixtiyarı kim sizə verib? Bir Namiq Hüseynov asan yetişmir, hakim "soyqırımı”na son qoyun!