Xəbər lenti

Toy mədəniyyəti
Ölkə19:18 28.12.2013

Toy mədəniyyəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərlan Əbilov

Son zamanlar istər ölkəmizdə baş verən güclü qasırğaları, subasmaları, torpaq sürüşmələri, ardı-arası kəsilmədən yağan qarın fəsadlarını və bu kimi təbii fəlakətlərin baş verməsini kütləvi infarmasiya vasitələrindən izləyərkən əhalimizin əksəriyyətinin dilindən eşitdiyim “daha dünyanın axırıdır” deyiminə inanmağa, əməlli-başlı hörmətlə yanaşmağa başlamışam. 

Qiyamət gününün əlamətlərini sayanlara birə-beş sayğı əlaməti olaraq Tanrının müqəddəs kitabda azmış qövmlər haqqında buyurduqlarını yada salaraq, onları nəyi var dəstəkləyirəm. Buna səbəbsə zamanımızda hər bir şeyin ölçüdən çıxması, o cümlədən də keçirilən toy məclislərinin...

Bu gün müharibə şəraitində yaşayan ölkəmizin demək olar ki, əksər regionlarında toy mədədiyyəti deyilən şey “toytutma” mədəniyyətiylə əvəzlənib. Toya dəvət üçün dəvətnamə verilən kəslərin dilində “Allah xeyir versin, xoşbaxt olsunlar” kimi xoş arzular o qədər sönük səslənir ki, bunu ifadə etmək üçün nə bənzətmə tampaq olur, nə də təşbeh (əlbəttə həmişə olduğu kimi yenə də istisnalar var).  

Bəli, bizdə dəvətnamə verdiyimiz işi-gücü, bir yerdən bir qəpik alacağı olmayan adama toyacan “toytutma” mədəniyyətidir toy mədəniyyəti. Nəvar-nəvar bu gün toy eləyən adam 20-30 il bundan öncə hər şeyin gözəl vaxtında dəvət elədiyi adamın, ya oğlunun, ya qızının, ya da yaxın, uzaq qohumlarından kiminisə toyunda iştirak eləyib. Lap elə bu cür olanda da bizdə toy, iki gəncin xoşbaxt olmasından daha çox nə vaxtsa toylarda saldığımız pulların borc kimi qaytarılması cəhdi deməkdi həm də...

Bilirəm, yazının bu yerində fikir formalaşacaq ki, “axı, buracan yazdıqlarınızın toy mədəniyyətinə heç bir aidiyyatı yoxdur”.  Elə isə mən soruşum, bəs nədir toy mədəniyyəti? Arzunuz var deyə borc-xərclə toya dəvət elədiyiniz müğənnilərin oxuduğu mahnıların fəlsəfi tərəfimi? Bəlkə, budu:

“Mən səni görmək istəsəm, hara gəlim?

Könlümü vermək istəsəm, hara gəlim?”

Məncə bu da deyil. Bəlkə, açıq-saçıq geyinən xanımların rəqs etdiyi zaman video operatorlarımızın tərəfindən onların yaxından bədən cizgilərini lentə almasıdı? Özünüz də bilirsiniz ki, bu da deyil. Bəlkə, süfrə mədəniyyətimizi, mətbəximizin zənginliyini özündə birləşdirən toy mədəniyyəti 30-50 manat borc tapıb, sonra iştirak etdiyimiz toyda masaya düzülmüş müxtəlif növlü təamlardan vəhşicəsinə intiqam almağımız, daha sonra “Böyükağanı” çağırmağımızdı?..

Deməli, sizli-mənli bu sadaladıqlarımın toy mədəniyyətinə aid olmamasını nəzərə alsaq, görəcəyik ki, bəli, bizdə Toy Mədəniyyəti deyimindən başqa nəsə yox. Daha doğrusu, hər nə var, heç nə yoxdu. Yaxşı, bəs belə olan halda mən ölkəmizdə və bölgələrimizdə baş verən bu təbii fəlakətləri, qıtlığı, qiymətlərin qalxmasını öz əməllərimizlə, bu əlamətləri qiyamət gününün yaxınlaşmasıyla əlaqələndirən insanlara necə inanmayım?..

Nə yaxşı ki, Qurani-Kərim, İslam dini, Ramazan ayı-orucluq, Məhərrəm ayı-məhərrəmlik var.  Nə yaxşı ki, qurban olduğum İmam Hüseyn təziyəsi və Qarabağ müharibəsi var, yoxsa əməlli-başlı qırılardıq, mən ölüm!..

17.12.2013