Dünya 19:00 11.08.2022

Türkiyə Ordusu PEJAK-ın liderlərindən birini məhv etdi

PKK-nın İran qanadı hesab olunan PEJAK terror təşkilatının lider və komandirlərindən olan "Yusuf Rəbbani" ləqəbli Rizan Cavid Türkiyə Ordusunun Suriyada pilotsuz uçuş aparatının hücumu ilə məhv edilib.

Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.

Rizan Cavid üç yoldaşı ilə birlikdə Suriyanın şimalında Qamışlı sənaye sahəsində öldürülüb.

Məlumata görə, o, Suriyaya ölkənin şimalında kürdlərin nəzarətində olan Rojava bölgəsini ziyarət etmək üçün oraya gedibmiş.

İranın kürd bölgələrində qoşunların təşkili və toplanmasında xüsusi rolu olan Rizan Cavid Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində anadan olub və bu əyalətin türk ərazilərində PEJAK qrupunun bir neçə terror əməliyyatlarına şəxsən rəhbərlik edib.

Qeyd edək ki, PEJAK terror qruplaşması İran, Türkiyə və İraqın sərhəd bölgələrində fəaliyyət göstərir və PKK-nın İranda qolu kimi tanınır.

Aydın