Xəbər lenti

Türkiyədə konstitusiya dəyişikliyi: Ərdoğan nəyi dəyişmək istəyir?
Dünya 20:18 03.09.2024

Türkiyədə konstitusiya dəyişikliyi: Ərdoğan nəyi dəyişmək istəyir?

"Cəmiyyətin liberallaşması, dövlət qurumları arasında mürəkkəb mexanizmlərin sadələşdirilməsi yönündə bəzi dəyişikliklərin olması gözlənilir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə konstitusiyasını dəyişmək istəyini şərh edərkən deyib.
 
Ekspert qeyd edib ki, Türkiyə cəmiyyəti, xüsusən də siyasi və elmi ictimaiyyət konstitusiya məsələlərinə ciddi yanaşır: 

"Türkiyədə vaxtaşırı hərbçilərin əhəmiyyətli rolu olub. Sonuncu konstitusiya da hərbi çevrilişdən sonra qəbul edilib. Ondan sonra da konstitusiyaya xeyli dəyişiklikər olunub, müəyyən məsələlər həllini tapıb. Ümumiyyətlə, konstitusiyaya dəyişilməz sənəd kimi baxmaq lazım deyil. Əsas qanun hakimiyyətin təşkili, mövcud siyasi münasibətlər sistemini özündə əks etdirdiyi üçün onun vaxtaşırı müəyyən dəyişikliklərə uğraması tamamilə təbiidir. Türkiyə cəmiyyəti, xüsusən də siyasi və elmi ictimaiyyət Konstitusiya məsələlərinə ciddi yanaşır. Türkiyədə ən kiçik dəyişikliklər belə uzun müddət müzakirə mövzusu olur. Keçid dövründə bu istiqamətdə dəyişikliklərin olması zəruridir". 



Həmsöhbətimiz hesab edir ki, gözlənilən dəyişiklik əsasən hakimiyyətin təşkili mexanizmilə bağlı məsələ ətrafında olacaq: 

"Türkiyədə prezident səlahiyyətləri, o cümlədən Böyük Millət Məclisinin səlahiyyətləri də genişdir. Amma ola bilsin ki, hazırkı dövrdə bəzi amillər prezidentə öz siyasətini həyata keçirməkdə müəyyən maneəçilik törədir. Ona görə də konstitusiya dəyişikliyinə prezidentə əlavə səlahiyyətlərin verilməsi, yaxud da mövcud səlahiyyətlər çərçivəsində nəzarət mexanizminin yenidən təşkili məsələləri daxil edilə bilər. Müasir dövrdə bir nəfərlə bağlı ideyaların konstitusiyaya daxil edilməsi bir o qədər də uğurlu variant sayılmır. Yəqin ki, yeni dəyişikliklərdə bu məqama da diqqət yetiriləcək. Digər tərəfdən, hakimiyyət mexanizmlərində hansısa dəyişikliklər də ola bilər".
 
Qulamhüseyn Əlibəyli düşünür ki, Türkiyə konstitusiyasında həddən artıq sərt mexanizmlər var:

"Ona görə də dəyişiklik baş versə, insanlara münasibətdə liberallaşma sahəsində və dövlət qurumları arasındakı mürəkkəb mexanizmlərin sadələşdirilməsi məsələsində dəyişiklərin olması da mümkündür". 

Qeyd edək ki, artıq xeyli müddətdir Türkiyə cəmiyyəti və hakimiyyət daxilində yeni konstitusiyanın qəbulu məsələsi diqqət mərkəzindədir. Ərdoğan da hesab edir ki, Türkiyənin hazırkı konstitusiyası tamamilə mənasını itirib. "CNN Türk"ün məlumatına görə, o, bu barədə Konstitusiyanın dəyişdirilməsinə həsr olunmuş kitabın ön sözündə yazıb.  

Ölkə başçısının sözlərinə görə, yeni Konstitusiya liberal olmalı və cəmiyyətin bütün təbəqələrinin maraqlarını əks etdirməlidir:

"Keçən müddət ərzində hazırkı konstitusiyaya dəyişikliklər edilsə də, sətirlər arasında hələ də dövlət çevrilişinin izləri var. Türkiyə regionda və dünyada dövlət çevrilişindən sonra qəbul edilən belə bir konstitusiyaya layiq deyil". 

Xatırladaq ki, Türkiyənin hazırkı əsas qanunu hərbi çevrilişdən iki il sonra - 7 noyabr 1982-ci ildə qəbul edilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->