Dünya 16:43 26.01.2024

Ukrayna hərbi ehtiyacların nə qədərini özü ödəyir? - Blinkenin köməkçisi açıqladı

Rusiya ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini görənə qədər Ukraynaya qarşı qanlı müharibəni davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib. Onun dediyinə görə, qarşıdakı aylarda gərginlik artacaq. Amerikanın Səsi yazır ki, qışda müharibə həmişə "sərt və çətin” olur .

"Ukraynalılar iki dəfə Maydanda etdikləri kimi, demokratiya, ədalət və avropalı gələcəyi seçməyə davam edir və indi bu, Rusiyaya qarşı mübarizənin ön cəbhəsində hər gün baş verir”, - o deyib.
Blinkenin köməkçisi həmçinin bildirib ki, "güclü beynəlxalq koalisiya” Ukraynanın ehtiyaclarını maliyyələşdirməyə kömək edir. Bununla belə, Kiyev hərbi ehtiyaclarının üçdə ikisini müstəqil şəkildə ödəyir. Bu, daxili imkanlar hesabına baş verir. 
Qeyd edək ki, ötən ilin oktyabrından ABŞ Konqresi müttəfiqlərə 106 milyard dollarlıq əlavə yardım paketini qəbul edə bilmir. Bunun təxminən 61,4 milyard dolları Ukraynaya veriləcək.

Polşa prezidenti Anjey Dudanın sözlərinə görə, ABŞ yardımı "Ukraynanın Rusiya Federasiyası ilə müharibədə qələbəsi üçün yeganə ümid və daha böyük müharibədən və Amerika hərbçilərinin bu müharibədə iştirakından qaçmaq üçün bir yoldur”.

Yanvarın 19-da ABŞ prezidenti Co Bayden Ukraynanın köməyi olmadan hökuməti maliyyələşdirmək və fəaliyyəti dayandırmağın qarşısını almaq üçün Konqresin hər iki palatası tərəfindən təsdiqlənən qanunu imzalayıb.

Alpər