Xəbər lenti

Ukraynada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanıldı
Dünya 16:53 25.07.2024

Ukraynada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanıldı

Ukraynanın keçmiş deputatı İrina Farionun qətlində şübhəli bilinən 18 yaşlı gənc Dnepr şəhərində saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram"da məlumat yayıb.

"Ukraynanın daxili işlər naziri İqor Klimenko indicəmənə İrina Farionun qətlində şübhəli bilinən şəxsin Dneprdə saxlanması barədə məlumat verdi", deyə Zelenski yazıb. 

Onun sözlərinə görə, şübhəlinin saxlanılması əməliyyatı çox çətin olub.

"Bu günlərdə yüzlərlə Ukrayna Milli Polisi, SBU və digər xidmətlərin mütəxəssisləri qətlin açılması üzərində çalışıblar. Cinayətin açılmasına gündəlik daha çox fakt əlavə edən və tam həqiqətin üzə çıxmasına yaxınlaşdıran hər kəsə minnətdaram", deyə Ukrayna prezidenti bildirib.

O, əlavə edib ki, Dneprdə 18 yaşlı gənc oğlan saxlanılıb.

"Zəruri istintaq hərəkətləri və ekspertizalar davam etdirilir, mən daxili işlər nazirinə bütün təfərrüatları ictimaiyyətə çatdırmağı tapşırmışam”, deyə Zelenski yekunlaşdırıb.

Xatırladaq ki, iyulun 19-da yerli vaxtla saat 19:30 radələrində Lvovda naməlum şəxs Ukrayna Ali Radasının keçmiş üzvü, dilçi İrina Fariona evinin yaxınlığında taksi gözləyən zaman ona atəş açıb. Güllə onun başına dəyib. Farion ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyat olunub və reanimasiyaya köçürülüb. O, dərin komada olub və süni nəfəs aparatına qoşulub. Həkimlər onu xilas edə bilməyiblər və 60 yaşlı qadın dünyasını dəyişib. 

Hüquq-mühafizə orqanları atəş açan şəxsin tutulması üçün xüsusi əməliyyata başlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis ictimai-siyasi fəaliyyət və şəxsi ədavət, həmçinin mümkün Rusiya əlaqəsi də daxil olmaqla bir neçə ehtimalı nəzərdən keçirir.

Axtarışda olan ən azı bir şübhəli olub. Onu qətl ərəfəsində müşahidə kameraları qeydə alıb. 

Prezident Volodimir Zelenski bildirib ki, qatilin saxlanılmasına şəxsən daxili işlər naziri İqor Klimenko və SBU-nun sədri Vasili Malyuk nəzarət edir.
Farion iyulun 22-də Lvovda Lıçakov qəbiristanlığında dəfn edilib. Minlərlə Lvov sakini dilçi ilə vidalaşmağa gəlib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->