ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş vermiş "israflar və sui-istifadələr" siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat
yayılıb.
"Onilliklər boyu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vergi ödəyicilərinə hesabat vermirdi, çünki böyük məbləğdə vəsaiti köklü bürokratların nəzarətsiz və mənasız – çox hallarda isə qəsdən zərərli – layihələrinə yönəldirdi", – deyə məlumatda bildirilir.
"İsraflar və sui-istifadələr" siyahısına, xüsusilə aşağıdakılar daxil edilib:
•Əfqanıstanda görünməmiş miqyasda xaşxaş becərilməsi və heroin istehsalına, dolayısıyla Talibanın xeyrinə istifadə olunan "suvarma kanalları, kənd təsərrüfatı avadanlıqları və hətta gübrələrin" maliyyələşdirilməsinə ayrılmış yüz milyonlarla dollar;
•Suriyada Əl-Qaidə ilə əlaqəli silahlılara göndərilmiş yüz minlərlə yemək payı;
•Uhan laboratoriyasında aparılan tədqiqatlarda iştirak etmiş EcoHealth Alliance təşkilatına ayrılmış milyonlarla dollar;
•Misirdə turizmin maliyyələşdirilməsinə sərf olunmuş 6 milyon dollar;
•Vyetnam üçün elektrik avtomobillərinə ayrılmış 2,5 milyon dollar.
Xatırladaq ki, milyarder İlon Mask, ABŞ prezidenti Donald Trampın federal hökumətin kiçildilməsi təşəbbüsünə rəhbərlik edərək, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması üzərində işlərin davam etdiyini bildirib.
Digər ölkələrə qeyri-hərbi yardım göstərən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin saytı 1 fevral tarixində fəaliyyətini dayandırıb.
Alpər
Şərhlər