Niyazi Mehdi
Qıyma
donuq gözləri olan sarıbəniz Vaqif İbrahimoğlu bəndəniz 1976-da Moskvadan gəlmişdi
ki, bir neçə görüşdən sonra şəxsiyyətinin ovsunu ilə onu tam fəth etdim. Bundan
danışım. Mən Moskvadan yüksək biliklə gəlməsəm də (hərçənd Moskva aurası hər
yerdə məni izləyirdi) intellektual snobizm canıma yerimişdi. Moskvada elə bir
intellektuala rast gəlməmişdim ki, məni heyran etsin. Bax, bu düşüncə ilə
Bakıda yaşamağa başlamışdım. Bəs nə oldu ki, Vaqif kumirim oldu?! Bunu
araşdırıb tapım.
Moskvada
millətçilik etsəm də, yataqxanada yabançı qızların qonağı olub, otağıma gətirsəm
də, bu «igidliyimə» baxmayaraq, orada həmişə DTK qorxusu ilə yaşayırdım.
Moskvada qorxurdum ki, otağıma da qulaq asırlar, qonağı olduğum yabançıların
otağına da qulaq asırlar. Bununla bağlı bir lətifəmiz vardı, «mıx da məni
bağışlasın». Anekdot belə idi. Yataqxanada bir oğlana deyirlər ki, sənin
otağına qulaq asırlar, bunu deyəndə divarın başında olan mıxı göstərirlər.
Oğlan ürəyi dözməyib nə vaxt dissident söhbəti etməyə ağzını açırsa, mıxı göstərirlər
ki, sussun. Bir dəfə yenə dözməyib ağzını açanda mıxı göstərəndə partlayır ki, ə,
mıx da məni bağışlasın… və başlayır Sovet hökumətinə qarşı ağzına gələni deməyə.
Bax,
anti-sovet ruhum DTK-dan qorxumla birləşib məndən əcaib bir məxluq yaratmışdı.
Bir yandan, ürəkli, qorxmaz, senzuranı hərləməyən sözlər demək istəyi (bu istəyin
az-maz nəticələri də olurdu). O biri yandan, həmişə səksəkədə olmaq ki, indi
çağırıb deyəcəklər, elə danışma. Bax, bu fonda Vaqtf söhbətlərində,
tamaşalarında sovetizmdən tam azad, DTK səksəkəsini bilməyən adam kimi məni
heyran qoydu.
Vaqfin
sovetizmdən azadlığı xısın-xısın söhbətlərdə olsaydı, mənə elə təsir etməzdi,
çünki bütün Bakı çayxanaları o çağlar xısınlaşan millətçi və anti-sovet söhbətlərin
ocağı idi. Vaqif isə millətçiliyi, anti-sovetzmi Tədris teatrının səhnəsinə
çıxardı, elə çıxardı ki, sanki elə belə də olmalıdır və burada olağanüstü heç nə
yoxdur.
Bir
düşünün, rektor Aslan müəllim idi, həmişə çayı üfürə-üfürə içən adam. Tədrisdən
xəbərçilik edənlər onu fitilləyirdilər ki, bu Vaqif siyasi baxımdan etibarlı
adam deyil, teatrda qorxulu hoqqalardan çıxır. Aslan müəllim diksinirdi, tezcə
teatra gəlib hamını yıığaraq notasiya oxuyurdu, Vaqif isə ona qulaq asıb öz
bildiyini edirdi. Hamıda, mən daxil, rektorun xofu vardı. Bu xofun üstünə gəlirdi
onun mənə yaxşılıqlarının cavabında minnətdarlığım. Vaqif isə onunla da istədiyi
sərbəstlikdə özünü aparırdı. Aslan müəllim öyüdlə danışnda dodaqları bir az
qabağa çıxırdı. Bütünlükdə yaraşıqlı, arıq, ağıllı kişi idi. Çapdan çıxmış
kitab və məqalələri az idi. Ancaq partiya xətti ilə xidmətləri sonucunda
Akademiyada akademik katib olmuş, İncəsənət İnstitutuna rektor gətiriləmişdi.
Aslan müəllim Tədris teatrına gəlib hamını yığaraq dodaqlarını uzadaraq aramla
öyüd verəndə ona diqqətlə qulaq asan Vaqif onun dodaqlarını yamsılayaraq ona
guya ağıllı, əslində isə mənasız cavablar verirdi. Qıraqdan bu səhnəni görən məni
dəli gülmək tuturdu. Qorxumdan otaqdan çıxırdım ki, Aslan müəllim görməsin.
Bu,
sözsüz, Aslan müəllimə qarşı insafsızlıq idi, çünki hər halda Tədris
tamaşalarını bağlamırdı. Ancaq Vaqifin bu davranşı mahiyyətcə Aslan müəllimə
qarşı deyildi, ofisioza qarşı idi. Sonralar Vaqifdən soruşdum ki, qorxmurdun,
rektor onu dolamağını görüb səni cəzalandrar? Dedi, yox. Çünki adamlar var ki, onlarda
nərgizlik (narsisitlik) o qədər güclüdür ki, danışanda gözləri həmsöhbətə baxsa
da, nə onu görür, nə onu eşidir. Bu, Vaqifin dəhşətli müşahidəsi idi və belə nəsnələrə
görə məni fəth etmişdi. Söylədiyini bir populyar bəstəçi ilə telefon
danışığında göstərdi. Görünür, o bəstəçi çox danışan oduğu üçün Vaqifi
yormuşdu. Bir dəfə telefon edib yenə nəyisə uzun-uzadı söyləyəndə Vaqif onu dinləyə-dinləyə
«qələtini elə», «pox yemə» və sairə deməyə başladı. Buna qıraqdan baxan mənim
canımı qorxu bürüdü. Telefon danışığı bitəndən sonra Vaqif dedi: gördün, bərkdən
deyirdim, yenə eşitmirdi.
Beləliklə,
Vaqifin yaradıcı insan olaraq özgürlüyü o zamanlar çoxlarında vardı, məndə də,
Rəhmanda da, Əli Abbasovda da, Gündüz Sariyevdə də vardı. Ancaq biz ictimai
meydançaya çıxanda anti-sovet, anti-marksist ibnəmizi içimizdəki senzuraya
salırdıq. Sovet ideologiyasının «xoruna» qoşulmamaqla ibnəmizi doyururduq.
Vaqifdə güman iç senzurası vardı, ancaq ictimai meydançada o senzura bizdəki qədər
işləmirdi. Vaqif indi yada salammadığım detallara görə Sovetizmdən tam özgür
görünürdü.
O
çağlar onun dilində işlək söz «gik» idi, aktyorlarının da dilinə keçmişdi. İngiliscədə
«qik» olan bu sözü Vaqifgil «gik» kimi deyirdilər, anlamı isə «ekssentrik
adam», «ekssentrik eyləm» idi. Bu söz heç rus dilində də geniş yayılmamışdı, nədən
Vaqifin dilində tamaşalarla bağlı hər hansı ekssentrik hoqqanı bildirirdi,
bilmirəm. Ancaq o senzuranı tapdalayıb sovet ortamı üçün pozucu, dağıdıcı görünən
eyləmlərini "gik”lərlə mümkün edirdi. Bir dəfə televiziyaya çağrılanda qara şüşəli
gözlükdə çıxış etmişdi – indi bu elə də əcaib sayılmır. O çağlar korlardan
başqa heç kim bunu edə bilməzdi, Vaqif isə edirdi, yəqin jurnalistin,
redaktorun bütün «olmazlarına» baxmayraq. Bir TV çıxışında o vaxt artıq
Musiqili Komediya Teatrının baş rejissoru olmuş Vaqif biz dostları üçün oyun
çıxarmışdı. Jurnalist ondan nəyisə soruşanda cavabı verəndə hər dəfə «interpretasiya»,
«motiv» sözlərni deməmişdən qabaq sanki onların dilimizdə qarşılığını tapmaq
üçün başını geri atıb gözünü alnına axıdırdı ki, sözün ekvivalentini tapsın,
tapmayıb guya məcburən latın terminlərini deyirdi. Mənası o idi ki, cavab üçün
beyninin dərinliklərinə axtarışa çıxır. Bir az keçəndən sonra söz yığınından
ibarət «cavab» verirdi.
Vaqifin
gikləri ilə bağlı bir Moskva olayını da danışım. Orada nəsə seminarda iştirak
edirdi. Müəllimləri ünlü estetik, ancaq yaxşı tərtibli dayaz kitabların müəllifi
Yuri Borevin oğlu idi. İlk seminarda o, dartışma üçün sənətlə bağlı bir konu
ortaya atır. Vaqif ağır qafqazlı ləhcəsi ilə üzünə kəndçilik, nadanlıq yağan
maskanı taxıb dartışmada iştirak edir. İlk öncə yan-yörəsindəkilərin ürəyində
«bu, haradan gəlib, nə danışır?!» nidasını qoparır. Getdikcə nadan mimikasına
uyuşmaz semiotik, strukturalist və başqa modern terminlərdə yetərincə ağıllı
düşüncələr söyləməyə başlayır və beləcə adamlar çaş qalır: "Bu bizi dolayır,
yoxsa rusca pis bilsə də ağıllı adamdır?!” Yalnız sonrakı seminarlarda görürlər
ki, Vaqifin əla ruscası var.
Vaqifin
imic hoqqaları üstünə. O bir həftədən, ya on gündən bir gah saçını dibdən
qırxırdı, gah uzadırdı, gah saqqal saxlayırdı, gah üzünü dibdən qırxırdı.
Mən
düşünürdüm ki, milli teatırda heç bir rejisssora Vaqifin heyranlığı yoxdur, hər
halda Elçin Məmmədovla dost olsa da, atasını, - Mehdi Məmmədovu maraqlı
rejissor saymırdı. Sonra gördüm ki, onun sevimlisi Tofiq Kazımovdur, özünə müəllim
sayır və Azərbycan teatrında birinci yerə qoyur. Biz tanış olandan sonra 3-4 il
eyni axmaq boyası olan pencəyi, deyəsən, tünd palıdı şalvarı geyinirdi. Bu dəyişməzlikdə
dəyişən onun saçı-üzü olurdu. Heç kimin saçı ilə, üzü ilə belə oynamasını görməmişdim.
Vaqifin
anası tatar idi (öz türkümüzdü), atasında isə zaqataladan olduğu üçün güman
türk qanı ilə ləzgi və ya başqa Qafqaz etnosunun qarışığı vardı. Ancaq özünə gələndə
hamımıza örnək olacaq dərəcədə türkçü idi. Anasından bütün balalarına Orta
Asiya türklərinin antropoloji cizgiləri keçmişdi. Vaqtf millətçi-türkçü idi,
ancaq asanca millətçiliklə bağlı hoqqalar, «giqlər» edə bilərdi. Məncə, dindar
idi, ancaq asanlıqla şəriətlə bağlı hoqqalar çıxarardı. Dostumuz Gündüz Sariyev
Sovetlərin axırında qatı islamçı olandan sonra ona «dindarik» deyirdi. Hər dəfə
küçədə onunla rastlaşanda kəlmeyi-şəhadət oxuyub salavat çevirirdi, Gündüz isə
mənəviyyətca sağlam adam olduğundan onun bu «giqindən» uğunub gedirdi.
90-cı
illərin ortasınacan Vaqifin dilinə spirtli içki dəyməmişdi. Yeyib içəndə niyə
içmədiyini soruşanda deyərdi ki, Rus dram teatrında aktyorluq edəndə, elə ondan
da qabaq «Ağdam» çaxırı içərmiş. İçib çox vaxtı kefli gəzərmiş. Bu alkoqoliklik
çağında içməsi qovğalarla bitərmiş, çünki dəmliyi çox arqessiv olarmış,
adamlara sataşar, onları alçaldarmış. İndi içməkdən ona görə çəkinir ki, bizə
aqressivlik edcəyindən qorxur.
Rus
dram teatrından sonra, deyəsən, Anarın həyanlığı ilə Vaqif Aktyor evində
eksperimental teatr yaradır. Burada Fəxrəddin Manafov kino operatoru imiş,
Vaqif onu tamaşalarda aktyorluğa cəlb edir.
İbrahimoğlu
bu illər filtirsiz prima çəkirdi. Mən də ondan «Prima» çəkməyi götürmüşdüm
(deyirlər, Tofiq Quliyev də bu siqareti çəkirmiş). Vaqif tez-tez armudu stəkanda
çay içirdi və bu zaman siqareti bir az çəkib stəkanın yanındakı külqabına
qoyurdu ki, öz-özünə tüstülənsin. Beləcə, kəndisini (bəlkə də siqareti)
aldadırdı ki, az çəksin. Ancaq buna baxmayaraq, axırda ağ ciyərin xərçəngindən
rəhmətə getdi. Nə biləsən, siqaret onu xərçəng etdi, yoxsa onsuz da bu zəhrimara
tutulacaqdı.
Vaqif
haqqında kitab və məqalələr yazılıb, özünün də məqalələri çap olunub. Ancaq yenə
də duyuram ki, biz dostları onun xatirəsi önündə borcumuzu yerinə yetirib
kimliyinin zənginliyini aça biməmişik. Bu səbəbdən xatirələrimdə ona bu qədər
yer ayırıram.
Tədris
teatrında Vaqifin tamaşaları məni teatral etdi. Bir az bu tamaşaların
estetikasndan danışım. «Kitab-i Dədə Qorqud»un əsasında qoyduğu «Oğul»
tamaşasında ciddi bir məsələni çözməliydi. Necə etmək ki əski oğuzların
danışığı səhnədə səslənəndə səslənişin, deyilişin yadlığı tamaşaçı qulağını
cızmasın? Bir yol sözləri indiki kimi söyləmək idi, yəni əski tələffüzü çağdaş
deyilişlə əvəz etmək idi. Ancaq bu, Oğuz dünyasını avtomobil səsləri ilə dolu
çağdaş şəhər kimi göstərməyə tay olardı. Bax, bu vəziyyətdə İbrahitmoğlu gözlənilməz
fəndə əl atdı. Sözlərin, intonasiyanın yad səsləntisini ört-basdır etmək əvəzinə
daha da qabartdı. Tamaşada oğuzlar hərəkəti yavaşıdılmış kadrdakı kimi
danışır-davranırdılar. Sözlər əzələ kimi bədənlərdə qabara-qabara gəzir, jestlər
də sözlərin gərgin gəzişməsinə uyğun gərilib yavaşıyırdı.
Bu
tamaşa bir-neçə ay sonra mənim bir yazıma təkan verdi. Onun ideyası bu idi:
ilkində sözlərlə nəsnələr arasında məsafə minimumdur, ona görə də sözlər nəsnələrin
özü kimi qavranılır. Arxaikadan çıxmaq həm də sözlərin nəsnələrin orbitindən
çıxıb «özbaşınalaşmasından» başlayır. Mən bu məqaləni «Filologiya məsələləri»ndə
çap etdim.
Vaqif
tamaşalarında onun sevdiyi sözlərlə desəm, xoxmaların, giklərin fantanı vardı.
Bütün bunların parlaq ifaçısı isə Telman Adıgözəlov idi. Telman öz oyunu ilə
80-ci illərin birinci yarısında Tədris teatrında bizə bayram yaradırdı.
Sonralar «müstəqilləşəndə» başqa teatra keçib toylara gedəndə məni heyran edən
ustalığı xeyli kəsərini itirdi.
İndi mən
Vaqifdən teatrşünas səliqəsi ilə yaza bilmərəm, çünki əlimin altında o zamandan
qalma qeydlərim qalmayıb. Hərçənd «Qobustan»da «Yazılmamış gündəlikdən parçalar»
adında bir məqalə çap edib orada dostumun tamaşalarından gündəlik janrında
düşüncələrimi yazmışdım.
Vaqifin
tamaşaları ilə bağlı indi huşuma gələnlərdən itələnib səhnədə yapdıqlarında məni
heyran edən bəzi özəlliklər haqqında bunları söyləyə bilərəm: Şəhriyarın «Heydərbaba»
poeması əsasında hazırladığı tamaşanın fasiləsində süjet gedişi kəsilsə də,
personajlar süfrə başında oturub yeməklərini yeməkdə qalırlar. Qəribə ortam
alınır. Bir yandan, tamaşa kəsilir, o biri yandan, kəsildiyi yer tamaşa kimi
yox, tamaşaçılar üçün yox, sanki özü üçün yerində saya-saya qalır. Elə bil
fasilədə birdən-binə uzaq keçmişdən oğuz dünyasının fraqmenti peyda olur. Sanki
tamaşa durub tamaşaçıların qayıtmasını gözləyir. Burada pərdə-filan olmadığı
üçün tamaşa görünməzliyə çəkilmir. Zalda qalan, girib-çıxan seyrçilər onun
sönüb yoxa çəkilmədiyini, ancaq davam etməyə hazır olduğunu görürlər. Kimlərsə
foyeyə çıxır, kimlərsə yanındakı ilə söhbət edir, süfrə başında oturan
oğuzlarınsa əlləri gah süfrəyə, gah ağızlara gedir. Səhnədə oturmuş personajlar
ağır işdən yorulmuş adamlar kimi dinməzcə, sör-söhbətsiz ağızlarındakını
çeynyirlər. Sanki etnoqrafik muzeydə kəndçilərin məişətinə həsr olunmuş küncə
baxırsan.
Mən
ömrümdə heç vaxt, - nə o vaxtacan, nə o vaxtdan sonra insanların süfrə başında
yeməsinə tamaşa edəndə bu qədər ruh rahatlığı duymamışdım. Bu əski oğuzlar «bir
qısmat çörək» yeyirdilər, mən isə əski kişilər dünyasına sevə-sevə, nisgillə, həsrətlə
tamaşa edirdim. Çünki aramla süfrə başında yeməklə məşğul olan bu oğuzlarda nəsə
dərya boyda sakitlik, nəsə özünəqapanmışlığın əzəməti vardı. Vaqif, beləcə,
tamaşanın fasiləsini qəribə bir terapevtik meditasiyaya çevirmişdi.
İbrahimoğlunun
tamaşalarında heç vaxt qışqıran, nalə çəkən, duyğusal danışan aktyorların səsində,
danışığında qondarmaçılıq görməzdin. Azərbaycan teatrında və kinosundakı
danışıqlarda həmişə nəsə gerçəklik duyğusunu pozan intonasiyaya, deyilişə rast
gəlirsən və bu, işləri korlayır. Vaqif isə türlü fəndlərlə, - işıqla, jestlərlə,
templə, tembrlə belə təəssüratlara yol vermirdi, mümkün təhlükəni
neytrallaşdırırdı.
Vaqif
tamaşalarında səslə səssizliyin, görüntülərlə səsin yaxınlaşıb uzaqlaşmasından ən
etgili, yəni ifadəli, güclü bildiricilər sırasını, hörgülərini görmək olardı.
Bunlar məndə teatrın semiotikası ilə ilgili bir məqalənin ideyasını doğrdu.
İbrahimoğlunun tamaşalarından istifadə edərək göstərdim ki, teatrda (elə kinoda
da) sözlə bədənin, səs-musiqi ilə jestlərin ilişgiləri ya yaxınlaşma, ya
uzaqlaşma üstündə qurulur. Yaxınlaşmaya örnək kədərli söz kədərli üz-gözlə
verilir. Uzaqlaşmaya örnək: kədərli söz sevincək jestlərlə verilir.
Mən
ilk dəfə Vaqifin tamaşasında səssizlikdə damcılanan suyun səsinin təsirini
bildim. «Oğul» tamaşasının sonunda birdən projektordan axan işq zolaqları həyəcanla
səhnədə, zalda «vurnuxanda» aktyorlar əllərindəki daşlarlı döyəcləməyə
başladılar. Dədə Qorqud dastanı əsasında 20 Yanvardan bir az sonra qurulmuş bu
tamaşada daşların səsi 20 yanvardakı rus güllələrinin səsini qulaqlara gətirdi
və birdən-birə bu milli faciəni tamaşanın konteksti etdi.
Ancaq
bu dediklərim yenə yetərli deyil.
Hər
gün Vaqif teatra yeni ideyalarla gəlirdi. Artıq bu vaxtlar mən Ortaçağ müsəlman
estetik mədəniyyəti ilə bağlı araşdırmalara başlamışdım. İbrahimoğlunun Tədris
teatrındakı nəzəri söhbtlərində Y.Zavadskayanın yapon mədəniyyəti, özəlliklə,
Dzen buddizm haqqında söylədiklərinin bizə çatdırması mənə böyük etgi göstərmişdi.
Elçin Məmmədov isə Tibet buddizmindən təsirlənib Vaqiflə söhbətini quranda bu
da mənim düşüncələrimi Doğuya aparırdı. İlk dəfə Şambala ideyasını onlardan
eşitmişdim. Demək Vaqifin, dostları Rəhmanın, Əlinin söhbtlərində Sovetin
acığına Çin, Tibet, Yapon mədəniyətləri ilə ilgili ideyalar işləkləşmişdi.
Sözsüz, bunlar hamısı rus elmində formalaşmış sovetizmə alternativlərin təsiri
idi. Y.Lotman və Tartu məktəbi ilə bağlı intellektuallar repressiya olunmuş
şairləri (Qumilyovu, Mandelştamı), unutdurulmuş yazarları (Platonovu,
Bulqakovu), alimləri (P.Florenskini) qəsdən ön plana çəkərək Sovet intellektual
nomenkluaturasına alternativ yaradırdılar. Bu prosesdə Çinə, Yaponiyaya maraq həmin
alternativi xeyli ekzotikləşdirirdi. Düzdür, rus elmində Ortaçağ Müsəlman
Doğusuna da ciddi maraq vardı, Bartoldun, Bertelsin, Petruşevskinin adlarını çəkmək
yetər ki, bu maraq aydın görünsün. Ancaq Tartu məktəbi çevrəsində birləşmiş
semiotika üzrə intellektuallar arasında müsəlman Doğusuna maraq yox idi, sanki
onun semiotikaya ciddi materiallar verəcəyinə inanmırdılar və neyçünsə
saymırdılar ki, müsəlman mədəniyytindən sovet paradiqmalarına alternativ yaratmaq
olar. Bax, bu durumda Vaqifgil məndə Çinə və Yaponiyaya maraq oyatdı. Onların
Tartu məktəbindən xəbərləri yox idi, xəbəri məndən alıb gördülər ki, semiotiklərin
Çin və yapon kültürü ilə bağlı tapdıqları daha ilgincdir. Mən isə millətçiliyimlə
bu düşüncəyə gəldim ki, necə semiotiklər Sovet rejimində Çin və Yapon, bir az
da hind estetik mədəniyyətlərini dəbə mindiriblər, eləcə də mən semiotik
yanaşma ilə göstərəcəm ki, Ortaçağ müsəlman kültürü də o biriləri qədər
ilgincdir. Məncə, bu yöndə yazdığım yazılarla Vaqifgilin maraq orbitinə müsəlman
estetik mədəniyyətini sala bildim. Hərçənd bunda Əli Abbasovun da rolu az deyildi.
O, müsəlman fəlsəfəsindən dərin düşüncə dünyası kimi Vaqifə mənsiz də
danışırdı...
Şərhlər