Dünya 17:25 27.09.2022

Varlılar Putinin səfərbərliyindən şəxsi təyyarələrlə qaçırlar - 71.000 manata bir yer

Sadə ruslar Vladimir Putinin elan etdiyi səfərbərlikdən yaxa qurtarmaq üçün 10 dəfə baha aviabilet alırlar və sərhəddə tıxacda gözləyirlərsə, varlı ruslar da şəxsi təyyarələrdə bunu etməyə çalışırlar. Şəxsi laynerdə bir oturacaq üçün 1,2 milyondan 1,5 milyon rubla  (57.000 - 71.000 manat - red) qədər ödəyirlər, lakin bu qiymətə belə hər kəs üçün kifayət qədər yer yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

"Hazırda vəziyyət tamamilə panikalıdir, - "Your Charter” şirkətinin direktoru Yevgeniy Bıkov deyir. - Gündə 50 sorğu alırdıqsa, hazırda təxminən 5000 sorğu alırıq", - deyə o izah edir. Bu səbəbdən şirkət ona müraciət edən hər kəsə yer tapa bilmir və tələbatı ödəmək və qiymətləri aşağı salmaq üçün daha böyük təyyarələr icarəyə götürməyə başlayıb.

"FlightWay”ın rəhbəri Eduard Simonovun sözlərinə görə, sanksiyalara görə kirayə üçün təyyarələrin məhdud olması səbəbindən reaktiv təyyarələrə tələbat 50 dəfə artıb. "Avropanın bütün özəl təyyarə şirkətləri bazarı tərk edib. İndi tələb təklifdən çoxdur və qiymətlər altı ay əvvəlki ilə müqayisədə inanılmaz dərəcədə artıb”, - o izah edib.

Bununla belə, biznes-jetləri təkcə varlı ruslar deyil, həm də biznes sahibləri icarəyə götürürlər. "Kommersant" yazır ki, Moskvada yerləşən bir video oyun inkişaf etdirmə şirkəti Rusiyadan işçilərini evakuasiya etmək üçün bütöv bir reysi icarəyə götürüb.

Ruslar Vladimir Putinin sentyabrın 21-də elan etdiyi səfərbərlikdən, eləcə də Ukrayna ərazisinin bir hissəsinin ilhaqından sonra hakimiyyətin sərhədləri bağlayacağından qorxurlar. Sentyabrın 25-dən sərhədçilərin rusiyalıların sərhədi keçməkdən imtina etməsi halları qeydə alınıb. Həmin gündən etibarən Rusiya hava limanlarında Rusiya FSB sərhədçiləri səfərbər olunacaq şəxslərin siyahılarını almağa başlayıblar. Hərbi komissarlıqlar məlumatları MİR sərhəd nəzarəti informasiya sistemi vasitəsilə onlara ötürür.

"Henley & Partners” şirkətinin araşdırmasına görə, ilin sonuna kimi milyonçuların 15%-i Rusiyanı tərk edə bilər. Səfərbərlik bu axını və Rusiya iqtisadiyyatına dəyən ziyanı artıracaq. "Mən Patriarx gölündəki restoran və barlara zəng edirdim ki, onlar üçün (varlı ruslar – red.). masa sifariş edim, indi işim yalnız İrəvana gedən təyyarədə onlara son oturacaq tapmaq üçün uçuş aqreqatorlarına baxmaqdan ibarətdir”, - deyə Moskvadakı konsyerj xidmətinin işçilərindən biri bildirib.

Nizami