"Ağdam işğaldan azad olunandan sonra Raqufun anasının məzarını ziyarət edəcəyəm".
Qaynarinfo xəbər verir ki, bunu Azvision.az-a şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ordumuzun qələbələrindən danışarkən deyib.
Şəhid xanımı övladlarını döyüşə yola salan analara səslənərək onları təmkinli olmağa çağırıb.
"İllərdir ki, ürəyimizdəki nisgillə, həsrətlə işğalın başa çatacağını gözləyirdik. 30 il bir insanın, igidin ömrüdür. 30 ildir ki, o tərəfə boylana-boylana qalmışdıq. Füzuliyə, Horadizə kimi gedirdik, ondan o tərəfə gedə bilmirdik. Cənab Ali Baş Komandan şanlı Ordumuzun qələbələrini elan etdikcə, fərqli, işıqlı, yeni bir Azərbaycan doğulur. Bütöv bir Azərbaycan, işğaldan azad olunmuş ölkə... Qarabağ itkisi Azərbaycan üçün qarayara, qəlbimizin sızıltısı idi. Başımız aşağı qalmışdı. Qarabağ hamımızın evindən, yurdundan getmişdi. Bu itkinin geri qayıtması bilirsiniz nələr bəxş edəcək? Düzdür, müharibədir, itkisiz olmur. Əsgərlərimiz uşaqlarımızın gələcəyi yolunda şəhid olurlar. Erməni təcavüzünə məruz qalan bütün əhalimizə Allahdan kömək diləyirəm. Torpağı biz qanla sulaya-sulaya geri qaytarırıq.
Mən ömrünün 26 ilini Azərbaycan ordusunda xidmətə, Vətən torpaqlarının müdafiəsinə fəda etmiş səhra komandirinin həyat yoldaşıyam. 17 il mən də səngərlərə yaxın yerlərdə yaşamışam. İllərlə o şəraitdə uşaq böyütmüşük. Azərbaycanlı analara deyirəm ki, başınızı dik tutun. Övladlarınızı şərəfli yola göndərmisiniz. Bu gün onlar yeni Azərbaycan tarixini yazırlar".
(Şəhid şəhid polkovnik-leytenant Raquf Orucov ailəsi ilə)
S. Orucova Ağdamın işğaldan azad olunacağı günü gözləyir. O, övladları ilə birgə həyat yoldaşının anasının Ağdamda qalan məzarını ziyarət etməyi arzulayır.
"Xalqımız bütün varlığı, ruhu ilə torpağa bağlıdır. Bütün Azərbaycanın ürəyi cəbhə ilə döyünür. Biz şəhid ailələri olaraq düşünürük ki, cəbhədəki əsgərə nə edə bilərik. Orada yaşayan insanlarla, döyüşən əsgərlərləyik. Anam Qubadlıdandır. Oranın azad olunmasını həsrətlə gözləyir. Bütün yaşlılarımız orada ölmək istəyir. Ağdam işğaldan azad olunanda övladlarımız ilə Raquf Orucovun şəhid anasının məzarını ziyarət edəcəyik.
Dünən Cəbrayıl şəhəri işğaldan azad olunanda şəhid polkovnik Vüqar Yusifovun həyat yoldaşına göz aydınlığı verdim. O, Cəbrayıl rayonundandır. Vüqar xanımının ad gününə Cəbrayılın azad olunmasını hədiyyə etməyə söz vermişdi".