Xəbər lenti

Xəzər dənizi quruyacaq? - Ənvər Əliyev İran rəsmisini təkzib etdi
Ölkə 13:49 28.08.2024

Xəzər dənizi quruyacaq? - Ənvər Əliyev İran rəsmisini təkzib etdi

"İran nümayəndəsinin Xəzərin suyu barədə dediklərinin arxasında konkret faktlar dayanmır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dənizin Çirklənməsinin Tədqiqatı və Mübarizə İdarəsinin rəisi Ümid Sədiqinin yaxın 20 ildə Xəzər dənizin suyunun 1/4-nin quruya biləcəyi barədə həyəcan təbili çalmasını şərh edərkən deyib.

"Vaxtilə də Xəzər dənizi barədə faciəvi fikirlər səslənmişdi. Amma ardınca Xəzərin səviyyəsinin qalxdığının, hətta Lənkəran dəmir yolunu dağıtdığının da şahidi olduq. Bu müstəvidə İranın o zamankı prezidenti Rəfsancani oğlunu Türkmənistan prezidenti Niyazovun yanına göndərərək, təcili şəkildə bəndin açılmasını xahiş etdi. Bu mənada indiki halda da İran nümayəndəsinin dediklərinin arxasında konkret faktlar dayanmır", deyə Ənvər Əliyev bildiirb. 


Ənvər Əliyev 
 
Həmsöhbətimiz deyib ki, Xəzər dənizinin suyunun qalxma və enməsi hadisələri yarandığı gündən dövrü şəkildə təkrarlanıb:

"Xəzərin bundan qat-qat quraq dövrü də olub. Sulu dövründə suyu hətta Moskva ətrafına qədər gedib çıxıb. Dəniz enəndə də, qalxanda da faciələr yaradıb və yaratmaqda davam edir. Kür-Araz çayları üzərindəki su bəndlərin hamısı doludur. Burada milyard tonlarla su ehtiyatı var. Bu mənada Xəzərin suyunun quruması barədə narahatlıq yoxdur. Yağıntı dövrü davam etsə, deməli Xəzər dənizində yenidən qalxma dövrü başlayacaq. Tələsik bu cür fikirlər səslənidirmək Xəzər dənizinin tərcümeyi-halı, geoloji-tarixindən xəbəri olmayanlara xas olan xüsusiyyətlərdir. Belə açıqlamalara inanmıram". 
 


Ümid Sədiqi 

Bundan əvvəl İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dənizin Çirklənməsinin Tədqiqatı və Mübarizə İdarəsinin rəisi Ümid Sədiqi İSNA-ya müsahibəsində yaxın 20 ildə Xəzərin dörddə birinin quruya biləcəyi barədə həyəcan təbili çalıb. O bildirib ki, Xəzər dənizinin İran sahillərində suyunun səviyyəsinin azalması narahatlıq doğurub. Onun sözlərinə görə, son dövrlərdə Xəzərin sahilləri geri çəkilib və dəniz səviyyəsində 18 metr azalma var. İdarə rəisi iddia edib ki, yaxın 20 ildə dənizin 1/4-i quruya bilər. 
 

Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzinin aparıcı elmi işçisi, biologiya elmləri namizədi Vladimir Uşivtsev isə bildirib ki, alimlər Xəzər dənizinin dayazlaşmasını siklonların istiqamətinin dəyişməsi ilə əlaqədar Volqa hövzəsində orta illik yağıntının azalması ilə əlaqələndirirlər

Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşündə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına göstəriş verib.


Vladimir Uşivtsev

"Ümumiyyətlə, Xəzər dənizinin dayazlaşması bir nəticədir. Səbəb ilk növbədə iqlim dəyişikliyidir. Təxminən 20 il əvvəl Rusiyanın mərkəzi hissəsindən keçən və yağıntılarını Volqa su hövzəsinə tökən Atlantik okeanından daim siklonlar gəlirdi. Bu sular Xəzər dənizinə tökülürdü və dənizin öz buxarlanma balansı, su axını var idi. Hazırda bu siklonlar daha da şimala doğru hərəkət edir və yağıntıları Moskva, Sankt-Peterburq ərazilərinə tökür və Şimal Buzlu Okeanına qarışır. Hazırda isə Volqada su qıtlığı yaranıb, o, çox dayazlaşıb və müvafiq olaraq Xəzər dənizi də dayazlaşıb", deyə Uşivtsev bildirib.
 

Alimin sözlərinə görə, başqa bir siklon dövrü, müasir iqlim şəraitində Cənub siklonu da Volqadan yan keçərək yağıntıları Don və Dnepr su hövzələrinə tökür.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev isə bildirib ki, Xəzər dənizinin səviyyəsi əsrin sonuna qədər 6 metrə qədər azala bilər. O qeyd edib ki, son 30 ildə Xəzər dənizinə gedən çayların səviyyəsi azalıb.


Rafiq Verdiyev 

"Bundan başqa, yağıntı azalır, buxarlanma artır, bu da Xəzərin səviyyəsinin azalmasına səbəb olacaq. 1979-cu ildə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə görə şimal çaylarının dənizə yönləndirilməsi layihəsi nəzərdə tutulurdu. Sonra da Xəzərin səviyyəsi artdı. Buna görə də layihə təxirə salındı. Lakin gedən proseslər bu layihəni yenidən gündəmə gətirə bilər", deyə rəsmi qeyd edib.
 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->