Bakının Nərimanov rayonunda fəaliyyət göstərən Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə oğurluq hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, məktəbdən "Dynabook” markalı noutbuk oğurlnaıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri cinayət işi başlanıb. Həmçinin barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Tural Musayevin sədrliyi ilə baxılıb. Məhkəmədə hadisəni törətməkdə təqsirləndirilən Rəşadət adlı şəxs verilmiş ittiham üzrə özünü tam təqsirli bilib.
Onun ifadəsindən məlum olub ki, məktəbdə oğurluq etməmişdən əvvəl kirayə qaldığı evin televizorunu satıb. Daha sonra isə 207 nömrəli məktəbdə oğurluq etmək qərarına gəlib. O, məktəbə pəncərədən daxil olub. Oğurladığı kompüteri isə 300 manata satıb.
Məktəbin direktor müavini bildirib ki, oğurluq nəticəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri Üzrə Təhsil İdarəsinə 1138 manat ziyan dəyib. Ziyanın 1000 manata yaxın hissəsi ödənilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun saxlanıldığı 1 gün müddət 2 günə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər