Xəbər lenti

Ölkə 19:40 29.09.2025

"Uşaq psixologiyasından xəbəri olmayan deyir ki..." - Ekspert

Yaxın günlərdə "Uşaq hüquqları haqqında" qanun layihəsi parlamentə təqdim olunacaq. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Uşaq hüquqları haqqında" hazırlanan yeni qanun layihəsinin çox vacib olduğunu bildirib.

Bəs, bu qanun layihəsinin müzakirəsində kimlər iştirak etməlidir? 

Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan Qaynarinfo-ya açıqlamasında bildirib ki, uşaqlarla işləyən, onlarla birbaşa ünsiyyətdə olan şəxslərin həmin qanun müzakirəsində iştirakı vacibdir:

"Biz hələ ki, yeni qanunda nələrin yer aldığını bilmirik. Bu səbəbdən konkret deyə bilmərəm. Amma orada uşaq təşkilatlarının iştirakı vacibdir. Uşaq hüquqları haqqında hansısa qanun qəbul olunacaqsa, onun müzakirəsi və tərtib olunmasında mütəxəssislər iştirak etməlidir. Bələ də həmin qanunu tərtib edənlərdən eləsi var ki, heç uşağı yoxdur. Bəzilərinin də artıq uşaqları böyüyüb, yaşlı adamdır və bu günün uşaq psixologiyasından xəbəri yoxdur".
 


İntiqam Soltan uşaq psixologiyasının sürətlə dəyişdiyini vurğulayıb:

"Mən hər il uşaqlarla üzbəüz qalıram. Hansısa QHT rəhbərinin ildə bir dəfə ona verilən qrant layihəsi ilə bağlı uşaqla işləyirsə, bu uşaq hüququnun müdafiəsi demək deyil. Uşaq psixologiyasını bilən adamların qanunun müzakirəsindən kənarda qalması nə dərəcədə düzgündür? Belə olarsa, hansı şəffaf qanunun qəbulundan danışa bilərik? Məsələn, bu günlərdə bizim teatrda belə bir hadisə baş vermişdi. Analıq məzuniyyətinə getmiş bir qadın vaxtından əvvəl teatra qayıtmaq istəyirdi. Amma təsadüfən onun yerinə gələn aktrisa da analıq məzuniyyətinə getməli idi. Bu qadının istədiyi zaman işinə geri qayıtmağa hüququ var, amma 7 aylıq hamilə olan qadını vaxtından əvvəl necə çıxartmaq olar? Bu kimi hallar yeni qanunda öz əksini tapmalıdır. Uzun müddət apardığımız danışıqlardan sonra analıq məzuniyyətindən geri qayıtmaq istəyən qadınla razılaşdıq ki, iki-üç ay gec qayıtsın. Sovet dövründə reallığı bilməyən, kabinetlərdə oturub o qədər pambıq planlarını dolduranlar olub ki. Reallığı bilməyən biri düzgün qərar verə bilməz. Qanun məntiqə əsaslanmalıdır".

İntiqam Soltan uşaq hüquqları ilə bağlı qanun layihəsinin çox gec müzakirəyə çıxarıldığını xatırladıb:

"Biz bu məsələdə çox gecikmişik. Uşaqlarla birbaşa ünsiyyətdə olan yaradıcı təşkilatların rəhbərləri qanun müzakirəsində iştirak etməlidir. Sosial baxımdan qanun layihəsi qəbul edə bilərlər, amma uşaqların özünün şəxsiyyət kimi formalaşmasında qanun köməkçi rol oynamayacaqsa, o, kimin nəyinə lazımdır".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->