Yunanıstanda hakimlər təhlükəli iş şəraitinə etiraz olaraq həftə sonundan etibarən heç bir Superliqa matçını idarə etməyəcəklərini açıqlayıblar.
Qaynarinfo-nun məlumatına görə, son vaxtlar Yunanıstan futbolu narazılığı artıran, tamaşaçı sayının azalmasına səbəb olan korrupsiya və danışıq iddiaları çalxalanır.
Məsələ burasındadır ki, Yunanıstanda hakimlər tez-tez azarkeşlərin şiddətli hücumlarına məruz qalırlar. Hətta bəzilərinin evləri və maşınları yandırılır. Ötən ay Afinada hakim Andreas Qamarisin mağazasına molotov kokteyli atılmışdı. Tasos Papapetrou adlı digər hakimin isə bir neçə gün əvvəl ölümlə hədələndiyi iddia edilib.
Bu səbəbdən hakimlər Yunanıstan Futbol Federasiyasına məktub göndəriblər. Məktubda hakimlərə qarşı zorakılığın cəzasız qaldığı da vurğulanıb. Onlar təhlükəsiz şəraitlə təmin olunmayana qədər meydanlara qayıtmayacaqlarını bildiriblər. Hakimlər və onların köməkçiləri 14-cü turdan etibarən təhlükəsizlik üçün əlverişli şərait yaranana qədər heç bir matçı idarə etməmək qərarına gəliblər. Həmçinin baş nazir Kiriakos Mitsotakislə görüş tələb ediblər. Onlar bu addımı ailələrini qorumaq üçün atdıqlarını bildiriblər.
Səbuhi Həsənov
Şərhlər