Xəbər lenti

Yusif Nəğməkarın
Foto 17:08 13.02.2025

Yusif Nəğməkarın "Ələsgər zirvəsi" kitabı təqdim edildi - FOTO

Bu gün Yazıçılar Birliyində tanınmış şair Yusif Nəğməkarın "Ələsgər zirvəsi" kitabının təqdimat mərasimi baş tutub.

Qaynarinfo-nun məlumatına görə, Natavan zalında baş tutan prezentasiyada Yazıçılar Birliyinin sədri Anar, sədr müavini Rəşad Məcid, millət vəkili Fazil Mustafa, Xalq şairi Sabir Rüstəmxanlı, sabiq təhsil naziri Misir Mərdanov elm xadimləri, şairin ünlü qələm dostları, müxtəlif ziyalılar, media mənsubları və poeziya vurğunları iştirak edib.

Anşlaqla müşahidə edilən tədbirdə ilk söz filologiya elmləri doktoru, professor Nizami Cəfərova verilib. Y.Nəğməkarın yaradıcılığından danışan dilçi alim şairin başqalarının görə bilmədiyi məqamlara toxunduğunu, Aşıq Ələsgər haqqında olduqca samballı əsər yaratdığını vurğulayıb. 

Daha sonra Anar da uğurlu yaradıcılıq nümunəsi münasibəti ilə səbəbkarı təbrik edərək "Ələsgər zirvəsi"nin Dədə Ələsgərə layiq "çəki"də əsər olduğunu diqqətə çatdırıb. 

Ardından Y.Nəğməkarın qələm dostları təqdim edilən əsər barədə ürək sözlərini bölüşərək ona yeni uğurlar diləyiblər. Yekunda media mənsublarına müsahibə verən şair pərəstişkarları ilə şəkil çəkdirib, imza paylayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->