AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılıb, amma
kölgədə qalanlardan biri də sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı
Elton Məmmədov oldu. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Elton Məmmədov
bir müddət işsiz qaldı. 2020-ci ilin yanvarında isə Ramiz Mehdiyevin
xeyir-duası ilə Elton Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsinə təyinat
aldı. Bu təyinat uzun illər ictimaiyyət üçün gizli qalan əlaqələrin üzə çıxması
idi.
Elton Məmmədovun nəzarətində olmuş Bakı Beynəlxalq
Avtovağzalı "2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” çərçivəsində, o dövrdə Nəqliyyat
Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun
ailə biznes imperiyasını özündə birləşdirən "ZQAN” Holdinq tərəfindən inşa
edilmişdi. Baş podratçı isə "Bakı XXI Əsr” MMC adlı şirkət idi. "Bakı XXI Əsr”
MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı "Trans European
Leasing Group” LTD-dir. "Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında
qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov
idi.
Elton Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi.
Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə
1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu
"Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, "Bakı XXI Əsr” adlı
yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi. Ziya Məmmədov vəzifədən
gedəndən sonra onun klanının fəallığı nəzərə çarpmırdı. Elton Məmmədovun
bir-birinin ardınca vəzifələrə təyinat alması, 2019-cu ildə Anar Məmmədovun ölkəyə
qayıtması onlara münasibətdə münasibətin bir qədər yaxşılığa doğru dəyişmişdi.
Elton Məmmədovun Ramiz Mehdiyevlə sıx əlaqələri isə vəziyyətin Məmmədovlara
münasibətdə dəyişə biləcəyi ehtimallarını doğurur.
Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl
ölkədən gedib. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər
vardı. 2017-ci ildə Zamirə Hacıyevanın Britaniyada ilk dəfə tətbiq edilən
"İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində məhkəməyə çəkilməsindən sonra
Anar Məmmədovun oradan getdiyi deyilirdi. Həmin dövrdə Məmmədovların "ZQAN” adı
ilə qurduqları, sonradan "Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər
nəzarətlərindən çıxarılırdı. Hətta
2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də
qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin "Paşa Bank”a
kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində "Garant İnşaat Sənaye”
MMC, "Garant Holding” MMC, "Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları
keçirdi. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri,
Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni
zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında
yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov
rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı
qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203
manat 17 qəpikdən gedirdi.
Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış
cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini
də tələb etmişdi. Apelyasiya şikayəti verən "Garant İnşaat Sənaye” MMC banka
olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı
verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında
bu hal nəzərə alınmayıb və "qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət
hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov
şikayətini geri götürmüşdü.
Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu "Quba
Rixos” hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən "Quba Palace”
adı ilə fəaliyyətə başlayıb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf
meydançasına malik keçmiş "Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə
verilib. Hazırda kompleks Məmmədovların nəzarətində deyil.
Məmmədov klanı hakimiyyətdə təmsil olunduğu illərdə adları
böyük qalmaqallarda, ölüm işlərində, jurnalistlərin məhkəmələrə çəkilməsində və
döyülməsində hallanırdı. 2014-cü ilin aprelində qəzetimizin əməkdaşı Fərahim
İlqaroğlunun döyülməsi də Məmmədov klanına bağlı idi. Ziya Məmmədovun xüsusi
adamlar saxladığı və onlardan lazım olduğu zaman məharətlə istifadə etdiyi ilə
bağlı mətbuatda bir sıra faktlar var. Fərahim İlqaroğlunu da məhz Məmmədovların
"qoçuları” döymüşdü. F.İlqaroğlu hazırda Almaniyada mühacirətdədir. 25 aprel
2014-cü il tarixində F. İlqaroğlu "Yeni Müsavat”da çalışdığı günlərdə evinin
qarşısında naməlum şəxs tərəfindən amansızlıqla döyülmüş, fiziki təzyiqə məruz
qoyulmuşdu. Nizami Rayon Polis İdarəsi əməkdaşları jurnalisti döyən Feyruz
Termişi tulandan sonra etiraf edib ki, jurnalistin döyülməsi sifarişini
Kikboksinq Federasiyasının keçmiş idmançısı Tural Bayramovdan alıb. Bu şəxsin
isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədovun
oğlu Aynar və Elnur Məmmədovlarla çox sıx əlaqələri üzə çıxmışdı. O dövrdə
sifarişi icra edən Feyruz Termişi saxlanılsa da, Tural Bayramov və əsas
sifarişçi Aynar Məmmədov istintaqdan kənar qala bildilər. Səbəb də sadə idi -
Aynar Məmmədovun əmisi Ziya Məmmədov nazir, atası isə deputat idi. Tural
Bayramov da iş üzrə açar fiqur olduğundan onu da istintaqdan yayındırmışdılar.
Məmmədov klanına münasibətdə vəziyyət hər an dəyişə bilər.
Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması, Ziya Məmmədovun özünün
baş nazirin sabiq 1-ci müavini, Rusiyaya sığınan Abbas Abbasovla əlaqələri
klanın gələcəyini sual altına alıb.
Mənbə: "Yeni Müsavat"
Şərhlər