Xəbər lenti

“Dişsiz” milli komanda və ya AFFA üçün yeni əyani vəsait
Amal Abuşov
İdman 11:43 28.05.2024

“Dişsiz” milli komanda və ya AFFA üçün yeni əyani vəsait

Aprelin əvvəlində AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirildi. Məhz bu konfransdan sonra futbol qurumunda rəhbər dəyişikliyi baş verdi, Rövnəq Abdullayevin boşaltdığı kürsüyə gənc Rövşən Nəcəf əyləşdi. Bununla da Azərbaycan futbolu yeni mərhələyə qədəm qoymuş oldu, azarkeşlərin sınıq ürəklərində kövrək ümid işıqları közərməyə başladı.

Eşitdiyimizə və apardığımız müşahidələrə əsasən yeni rəhbərliyin hələlik araşdırma mərhələsində olduğunu, tələsik qərarlar vermək istəmədiyini deyə bilərik. AFFA İcraiyyə Komitəsinin yeni üzvlərinə də bilavasitə tapşırıqlar verilib, konkret vəzifələr müəyyənləşdirilib. Rövşən Nəcəfin İK üzvlərindən istəyi odur ki, hər kəs konkret təkliflərlə çıxış etsin, Azərbaycan futbolunun inkişafı üçün bu təkliflər proqram halına salınsın. Yəni ki, hardan başlamaq lazım olduğu müəyyənləşdirilsin. Bəlli məsələdir ki, Rövşən Nəcəf və onun yeni komandası əvvəlkilərin səhvlərini təkrarlamamağa, azarkeşlərin tənqid və qınaqlarının yeni hədəfi olmamağa çalışır. Görünür, milli komandanın yeni baş məşqçisinin təyinatının yubanması da elə bununla bağlıdır. Səlahiyyət sahibləri yüz ölçüb, bir biçmək istəyirlər ki, elə ilk ciddi qərarlarındaca səhvə yol verməsinlər.

Bu mənada AFFA rəhbərliyinin davranışına bəraət qazandırmaq da olar. Amma işin əsli odur ki, Azərbaycan futbolunun əsas problemi heç milli komandanın baş məşqçisinin kimliyi də deyil. Son 10-15 ildə neçə-neçə baş məşqçini qarşılayıb-yola salmışıq. Özü də mütləq əksəriyyəti də əcnəbi olub. Berti Foqtsu, Robert Prosineçkini, Nikola Yurçeviçi, Canni De Byazini yağ içində böyrək kimi bəsləmişik, ciblərini pulla doldurmuşuq. Di gəl ki, ciddi heç bir uğur əldə etməmişik. Qazandığımız tək-tük qələbələr, heç-heçələr də təsadüfi xarakterli olub, hər hansı bir ciddi turnir hədəflərindən danışmamışıq. Deməli, problemin kökünü milli komandanın sükanı arxasında kimin əyləşməsində axtarmaqla səhvə yol veririk. Bitməyən problemlərin kökü, böhranın səbəbi tamam başqa yerdədir.

Bəli, biz uşaq futbolundan, akademiyalardan başlamalıyıq. Artıq çeynənmiş mövzu olsa da, şablona çevrilsə də, bunu təkrarlamalıyıq. Başqa cür olmayacaq. Bir müddət əvvəl həmkarım Əli Sahibin də yazısından sitat gətirib, AFFA rəhbərliyinin diqqətini ora yönəltəməyə çalışmışdım. Ümid edirəm ki, oxuyublar, müəyyən nəticələr çıxarıblar. Onunla kifayətlənməsinlər, daha bir maraqlı əyani vəsait tapmışam. Bu dəfəki vəsaiti idman jurnalistləri yox, millimizin müvəqqəti baş məşqçisi Arif Əsədov yazıb. Daha doğrusu, millinin Albaniya və Qazaxıstanla keçirəcəyi yoxlama görüşü üçün siyahı açıqlayıb. Həmin o siyahıya baxanda Azərbaycan futbolunun mövcud durumunu, hansı miqyasda böhranla üz-üzə qaldığımızı görə bilərik.

Heç kimin xətrinə dəyməsin, Azərbaycanda normal futbolçu yoxdur. Onun da günahı Arif Əsədovda da deyil, adam üzdə olan futbolçuların əksəriyyətinə dəvət göndərib. Siyahıdakı 4 qapıçıdan ikisi "milliləşdirilmişlər”dir. Şahruddin Məhəmmədəliyevlə Mehdi Cənnətov qonşu Dağıstandan ölkəmizə pənah gətirib, başa düşüblər ki, Rusiyadakı rəqabətdə onlara hansısa perespektiv görünmür. Burdakı yoxluq da onlara böyük yollar açıb, milli komandanın qapıçısına çevriliblər. Dörd qapıçının yer aldığı siyahıda vur-tut üç hücumçu var. Cəmi üç normal, beynəlxalq səviyyəyə çıxaracağımız qolçumuzun olması da acı reallıqdır. Mahir Emreli, Ramil Şeydayev, Musa Qurbanlı... Onlar da "Qarabağ”dan ayrılandan, Qurban Qurbanovun nəzər nöqtəsindən çıxandan sonra nə qolları sıralayıblar, nə də hardasa rəqabətdən qalib çıxıblar. Getdikləri klublarda əvəzedici gözüylə baxılıb, ehtiyat oyunçular skamyasında əyləşiblər. Çünki "ayaqları bağlanıb”, üzərlərinə düşəni edə bilməyiblər. Fərqi yoxdur, obeyktiv səbəbdən, yoxsa subyektiv.

Odur ki, Arif Əsədovun açıqladığı siyahını diqqətlə oxumaq, "hardan başlamalı” sualına bundan sonra cavab verməliyik, uzağa getməyə gərək yoxdur!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->