Siyasət 13:49 05.10.2022

Ərdoğan-Paşinyan görüşü: Ermənistanın Türkiyədən asılılığı artacaq (ŞƏRH)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında sabah Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində təkbətək görüş keçiriləcək. 

Qeyd edək ki, 44 günlük müharibədən sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması yolunda müəyyən addımlar atılmağa başlanılıb. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər baş tutub. Praqada isə Ərdoğanla Paşinyan heç bir vasitəçi olmadan təkbətək görüşəcək. 

Son zamanlar İrəvanın fəaliyyəti onu deməyə əsas verir ki, Ermənistan tədricən Rusiyadan uzaqlaşmaq yolunu tutur. Sentyabrın 12-13-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi geniş miqyaslı təxribatına cavab olaraq aldığı sarsıdıcı zərbələr fonunda Moskvanın ona dəstək olmaması Paşinyan hökumətinin Rusiyaya olan ümidlərini puç edib. Bunun nəticəsidir ki, son günlər Paşinyan və komandasının əsasən Qərblə, əlaqə saxladığının şahidi oluruq. Ermənistanın hökumət üzvləri bu müddətdə baş nazir, xarici işlər naziri və müdafiə nazirinin timsalında bir neçə dəfə Qərb paytaxtlarında, əsasən də Vaşinqton və Parisdə olub. Bir sözlə, İrəvan tədricən Rusiyadan uzaqlaşaraq, özünə növbəti hamini Qərbdə axtarmağa başlayır. 

Belə bir durumda Ərdoğanın Paşinyan Praqada görüşü maraq doğurur. İrəvanın Moskvadan uzaqlaşaraq Qərbə üz tutması fonunda gerçəkləşəcək sözügedən görüş hansı nəticələrə gətirə bilər? 

Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, İrəvanın üzünü Qərbə tutması fonunda gerçəkləşəcək Praqa görüşü əslində Ermənistanın xilası anlamına gəlir: 



"Rusiyanın orbitindən çıxmaq istəyən İrəvan anlayır ki, özünün gələcək geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün regionun güclü dövlətləri olan Türkiyə və Azərbaycanla normal münasibətlər sisteminə malik olmalıdır. Ermənistan üçün Türkiyə ilə münasibətin olmaması dənizlərə, Avropaya çıxışın bağlanması anlamına gəlir. Bu mənada İrəvan üçün Türkiyə ən qısa yoldur. Türkiyədən Yaxın Şərq və Avropaya rahat çıxış təmin olunur. Normal münasibətlər çərçivəsində bu Ermənistan üçün iqtisadi-ticari əməkdaşlığın dəfələrlə artması, eyni zamanda, yeni maliyyə bazarlarına çıxış deməkdir. Əslində bu, Ermənistanın xilası deməkdir”. 
 
Ekspert qeyd edir ki, Ərdoğan Paşinyanla görüşdə həmin gerçəklikləri ona anlatmağa çalışacaq:

"Ermənistanda bu gerçək həqiqətləri anlaya biləcək normal adam yoxdur. Bu kimi gerçəklikləri düşünürəm ki, Ərdoğan Paşinyanla görüşdə ona anlatmağa çalışacaq. Fikrimcə, Ərdoğandan öncə də ABŞ və Avropa dövlətləri Paşinyana bu gerçəklikləri izah edib. Sabiq prezident Ter-Petrosyan da son açıqlamalarının birində bildirib ki, Türkiyə və Azərbaycanla münasibətlər qurmadan Ermənistanın gələcəyi yoxdur. Qərb Ermənistana yalançı vədlər verə bilər. Amma heç bir ölkə hərbi böhran vəziyyətində Ermənistanı Azərbaycan və Türkiyənin əlindən ala bilməz və almayacaq. Yəni indiki reallıqda nə Rusiya, nə İran, nə də Qərb Ermənistana böhrandan çıxmaq üçün gücündə deyil. Bunu Azərbaycan və Türkiyə edə bilər. Onlar da Ermənistandan işğal siyasətinə əsaslanan ərazi iddialarından imtina etməyi tələb edir. Bir sözlə, Praqadakı görüşdə Paşinyan Ərdoğanla anlaşa bilsə, yaxın perspektivdə ciddi addımların atılmasının şahidi ola bilərik”. 

Rüfət Sultan