Xəbər lenti

Həm ABŞ, həm Rusiya ilə...
Hüseynbala Səlimov
Dünya 10:29 11.09.2023

Həm ABŞ, həm Rusiya ilə...

Rusiya ilə Ermənistan arasındakı siyasi "çat”lar tamam dərinləşməkdədir. Bu günlərdə İrəvanda Beynəlxalq Məhkəmənin Roma statutu ilə bağlı sənəd ratifikasiya olunmaq üçün parlamentə göndərildi. Belə çıxır ki, erməni baş naziri sözün birbaşa mənasında Ermənistana gələcəyi təqdirdə Rusiya prezidentinin qollarını qandallayıb Beynəlxalq Məhkəməyə təhvil vermək fikrindədir. 

Kreml əhlinin qəzəbinin həddi-hüdudu yoxdur, bəli, onlar neçə gündür ki, İrəvandan izahat gözləyirlər. 

Amma bir qədər fərqli düşünənlər da var. Bir sıra təhlilçilər belə fikirləşirlər ki, Bakı ilə İrəvan arasındakı ziddiyyətlər baş nazir Nikol Paşinyanın siyasətinin nəticəsidir. Amma belədirmi? Yox, düşünmürük. Ermənistanı Rusiyaya maraqlar bağlayırdı. Ermənilər daha çox "Dağlıq Qarabağ”a görə Rusiyanın arxasınca sürünürdülər. İndi məlum olur ki, bu məsələdə Kreml heç də fövqəlgücə malik deyil, çünki Azərbaycan daha ötən əsrin doxsanıncı illərinin Azərbaycanı deyil, üstəlik, dünya ölkələrinin getdikcə daha böyük hissəsi Bakının haqlı olduğunu düşünür, bundan başqa, Türkiyə amili də var, hansı ki, hazırda ötən əsrdən fərqli olaraq Bakıya daha çox dəstək verir və getdikcə Cənubi Qafqazda aparıcı geosiyasi aktorlardan birinə çevrilir.

Əlbəttə, Rusiyada başqa cür düşünənlər də var. Bir başqa qrup siyasi təhlilçi belə hesab edir ki, Ermənistan Rusiyadan uzaqlaşmadan ABŞ-la yaxınlaşmaq istəyir. Doğrusu, bu, necə olur, biz bunu hələ ki təxmin edə bilmirik. Əvvəllər də qeyd etmişik ki, İrəvan geosiyasi "şpaqat”a oturmaq, Vaşinqtonla Moskva arasında bir növ balans yaratmaq istəyir. Onlar bu məsələdə guya Azərbaycanı təqlid etmək istəyirlər. Amma belə deyil. Bakı İrəvandan fərqli olaraq KTMT-nın üzvü deyil, o, Qoşulmama Hərəkatının üzvüdür. Həm də hazırda Azərbaycan heç bir balans-filan yaratmır, öz milli maraqlarına uyğun hərəkət edir. İrəvan bunu bacaracaqmı? Birmənalı cavab vermək çox çətindir. 

Hazırda ermənilər ABŞ-la birgə təlim keçirir və öz bəyanatlarında Rusiyaya qarşı kəskin notlar səsləndirirlər. Rusiya da farağat dayanmır. Hətta belə fikirlər səslənir ki, guya Moskva "Vaqner”çilərin köməyilə Paşinyanı devirmək fikrindədir. Paşinyan isə hər gün daha böyük əzmlə ölkəsini Rusiyadan uzaqlaşdırmağa çalışır. Bu mümkündürmü? Bir sıra təhlilçilər belə hesab edir ki, Ermənistanla Rusiya arasında əlaqələr o qədər dərindir ki, onları biri-birindən ayırmaq çətindir. Amma Sovetin vaxtında da belə deyilirdi. İndiki əlaqələr Sovetlərin vaxtındakı əlaqələrdən daha dərindirmi? Bizə elə gəlir ki, yox. Əsas odur ki, təkcə Paşinyan yox, erməni cəmiyyəti də bunu istəsin. Bu isə yaxın günlərdə bəlli olacaq. Sentyabr ayında İrəvanda mer seçkiləri keçirilməlidir və bununla bağlı N.Paşinyanın ciddi planları var. O, İrəvan meriyasının ağsaqqallar şurasının sədri olmaq istəyir. Erməni cəmiyyəti ona bu kart-blanşı verəcəkmi? Bunu bu ay baş tutacaq seçkilər göstərəcək, hansı ki, həm də cəmiyyətin Paşinyana münasibətinin ifadəsi olacaq. 

Amma ola bilsin ki, cəmiyyət Paşinyanın hakimiyyəti uzurpasiya etməsinin qarşısını alsın. Bir sözlə, qarşıdan çox mürəkkəb proseslər gəlir. Ermənilər ordu toplayır. Adətən bunun Azərbaycana qarşı edildiyi bildirilir. Amma burada iki məqam var. Birincisi, İrəvan Moskvanın müdaxiləsindən də ehtiyat edir. İkincisi, Azərbaycanda Zəngəzur dəhlizi haqqında, Qərbi Azərbaycanla bağlı gedən söz-söhbətlər çox güman ki, oralara da gedib çıxır. Əlbəttə, bunlar bir ehtimaldır. Amma bütün hallarda, bizə elə gəlir ki, İrəvanın Azərbaycana qarşı hərbi kampaniyaya başlaması hazırda real görünmür. Ən azı ona görə ki, onlar indi Moskvanın dəstəyindən məhrumdurlar. Moskva N.Paşinyana hələ ona görə dözür ki, erməni "revanşist”lərinin tələblərini yerinə yetirmək istəmir. O, həm də Azərbaycanla münaqişədəki məğlubiyyətin yükünü N.Paşinyanın belinə yükləmək, daha sonra isə onu devirməyi düşünür. Paşinyan da bunu bilir– ona da məlumdur ki, Kremlin səbri sonsuz deyil. Elə ona görə də erməni baş naziri Rusiya ilə Qərb arasında birmənalı seçim etmək istəyir və hazırda faktiki olaraq bunu edir də...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->