Xəbər lenti

Moskvanı bombalamaq olmaz, amma...
Hüseynbala Səlimov
Dünya 11:03 10.06.2024

Moskvanı bombalamaq olmaz, amma...

Əslində üçüncü ildir ki, hamı bunu gözləyirdi. Amma vədəsi-vaxtı yetişəndə Kiyevin müttəfiqləri bu xüsusda qərar verməyə bir həftədən bir az artıq vaxt sərf etdilər. Bəli, əvvəlcə on bir dövlət razılıq verdi ki, Ukrayna müharibəni Rusiyanın içərilərinə doğru genişləndirə bilsin. Ən əsas dövlətlər – ABŞ, Böyük Britaniya və Almaniya tərəddüd edirdi.

Amma sonradan onların da, xüsusən də ABŞ-ın razılaşdığını dedilər. Gəl, ABŞ prezidenti Co Baydenin mövqeyi əvvəlki kimi "orijinal” oldu – qoca Bayden bildirdi ki, Moskvanı, xüsusən də Kremli bombalamaq olmaz, üstəlik, Rusiya ərazisində cəbhənin dərinliyi 200 mili keçməməlidir! Yetərincə "orijinal” mövqedir, deyilmi? Arabir adama elə gəlir ki, ABŞ və əsas müttəfiqlər müharibənin bitməsində, Ukraynanın azad olunmasında yox, sadəcə, onun davam etməsində maraqlıdırlar...

Odur ki, indi oturub gözləmək lazım gəlir ki, bu şərtlərlə Kiyev nə vaxt Rusiyanı bombalamağa başlayacaq? Burada bir məqam da var. Ruslar az qala, saçlarını yolurdular ki, Qərb mühribənin Rusiyanın içərilərinə doğru genişlənməsinə qərar versə, nüvə müharibəsi başlayacaq. Artıq qərar verildi, fəqət, şükürlər ki, hələki hər hansı nüvə müharibəsi-filan yoxdur, əvəzində Moskva özünün hava hücumundan müdafiə sistemini gücləndirməyə çalışır ki, Kiyevin mümkün zərbələrindən qoruna bilsin.

Hiss olunur ki, hətta bu qərar da müharibənin gedişini ciddi şəkildə dəyişməyəcək. Ola bilsin, onu bir az da qəddarlaşdıracaq və radikallaşdıracaq. Bundan o tərəfə keçməyəcək. Amma o da var ki, on illər bundan əvvəl analoji Əfqanıstan müharibəsi SSRİ-ni çökdürmüşdü.

Çox böyük ehtimalla, Qərb indi də buna ümid edir, düşünürlər ki, hazırda Rusiya da eyni aqibəti yaşayacaqdır. Çox təəssüf ki, Ukrayna müharibəsinin Rusiyanın iqtisadiyyatına təsiri haqqında detallı analizlər yoxdur, ya da onlar bizə məlum deyil. Bəli, Rusiyanın xarici aktivləri onun nəzarətindən çıxıbdı. Bu elə də az deyil, söhbət yüz milyardlarla dollarlıq vəsaitlərdən gedir. Amma iqtisadi kollapsdan danışmaq hələ çox tezdir, bəlkə də heç mümkün deyil, çünki getdikcə aydın olur ki, bu mümkün belə deyil. Amma müharibə hər yerdə və həmişə həm də böyük xərclər deməkdir və o nə qədər "mədəni” şəkildə aparılsa da sıravi ruslar da gec-tez onun təsirini hiss edəcəklər.

Hələliksə hamı ABŞ-dakı prezident seçkilərinin nəticələrini gözləyir.

Qarşıdan iki böyük partiyanın qurultayları gəlir ki, namizədlər təsdiqlənsin. Onlar hamıya bəllidir: bunlar iki qoca, Bayden və Trampdı.

Birincisi lap əldən düşmüş qocadır. Amma ikinci-Tramp da heç də cavan oğlan deyil, yetmiş yeddi yaşı var bu adamın!..
 
Üstəlik, demokratlar düşünür və hətta ümid edirlər ki, Tramp seçkiləri udsa belə o, ölkəni dəmir barmaqlıqlar arxasından idarə edəcək. Belədə isə ümid yoxdur ki, hətta D.Trampın prezident olacağı təqdirdə Ukrayna müharibəsində ciddi dönüş olsun. Böyük ehtimalla, bu, olmayacaq. Ona görə ki, bu yaxınlarda Trmap da dedi ki, hakimiyyətə gələcəyi təqdirdə o, hətta Rusiyanı və Çini bombalayacaq! Görünür, qoca Donald da başa düşür ki, buna ölkənin daxilində belə ictimai tələbat və sifariş var: bizə dəqiq sosioloji arayışlar və statistika məlum deyil, amma belə deyilir ki, amerikalıların çoxu Ukraynaya dəstək verməyin tərəfdarıdırlar...

Odur ki, bir daha deyirik ki, qarşıdan gələn ABŞ prezident seçkiləri belə dünyadakı məchulluğu aradan qaldırmaq gücündə deyil. Bəli, az qala, keçmiş SSRİ-nin bütün perimetri boyunca Qərblə Rusiya arasında böyük və hiss olunan qarşıdurma yaşanır. Bu prsoes ən azı yaxın gələcəkdə də davam edəcəkdir. Amma onun hansı nəticə ilə bitəcəyi dəqiq heç kimə məlum deyil. Bəli, belə deyilir ki, gec-tez azadlıq qalib gələcək. Amma doğrudanmı, dünyada azadlıq uğrunda savaş gedir?..
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->