Siyasət 12:58 02.07.2022

Qarabağda yeni savaş başlaya bilərmi? - Deputatın şərhi

Ermənistan rəsmilərinin və Qarabağdakı separatçı-terrorçu rejimin son açıqlamaları, baş verənlər və proseslərin mümkün inkişafı Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qoymur. Məlumatlara görə, Qarabağda separatçılar erməni ordusunun tör-töküntülərini muzdlularla əvəzləmək istəyirlər. Bundan başqa, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Azərbaycan nəzarətinə keçəcək ərazilərdəki erməniləri Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə köçürməyi planlaşdırırlar.
 
Separatçıların qondarma "ombusdmanı” ermənilərin Şuşanın yeni marşurut yolunda yerləşən Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köçürüləcəyini bəyan edib. İrəvan Laçın dəhlizinin təhvil verilməsi prosesini uzatmaq istəyir. Belə ki, İrəvan Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsinə hələ 1 il yarım müddət qaldığını bəyan edir. Zabux kəndində qalan ermənilərin hay-küyü də onu göstərir ki, onlar çıxmaq niyyətindən uzaqdırlar. Daha doğrusu, separatçı rejim onları bu müstəvidə qızışdırır. Separatçıların başçısı Araik Arutyunyan "Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq” deyib. 
 


Yaranmış vəziyyət göstərir ki, İrəvanı nə sözlə, nə danışıqlar vasitəsilə, nə də razılaşmaya getməklə anlatmaq mümkün olmayacaq. 

Ermənistan rəsmiləri və Qarabağdakı separatçı-terrorçu rejimin son açıqlamaları, prosesin mümkün inkişafı fonunda bəzi mütəxəssislər düşünür ki, yaranmış vəziyyət Azərbaycana yenidən hərbi müstəviyə əl atmaqdan başqa digər çıxış yolu qoymur. 

Məsələni Qaynarinfo-ya şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, ermənilərin təxribat cəhdlərinin qarşısını Azərbaycan qətiyyətlə alacaq:



"Ermənilər yenidən bölgədə problem yaratmağa çalışır. Amma onların bütün cəhdləri əbəsdir. Azərbaycan Ordusu böyük zəfər qazanıb. Ərazi bütövlüyümüz təmin edilib, suveren hüquqlarımız bərpa edilib. Ermənistanın nə istəməsi və nə etməyindən asılı olmayaraq, ortada 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsi var. Bütün proseslər də ona uyğun aparılmalıdır. İrəvanın müxtəlif təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan qətiyyətlə onların qarşısını alır. Laçın dəhlizinə alternativ yolun işə salınması ilə Laçın şəhəri və ətrafdakı kəndlər Azərbaycanın nəzarətinə keçəcək”. 

Deputat qeyd edir ki, Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə özbaşınalıq etmək cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Bunu etmək üçün ölkəmizin kifayət qədər siyasi, iqtisadi, diplomatik və hərbi gücü var:

"Bununla bağlı Azərbaycan öz diplomatik səylərini əsirgəmir. Eyni zamanda, ortada Azərbaycanın suveren hüquqları var. Bütün beynəlxalq hüquqlar Azərbaycana imkan və izacə verir ki, bu hüquqdan istifadə etsin. Bu baxımdan İrəvanın etdiyi cəhdlərin heç bir əsası yoxdur. Azərbaycan ərazisinə süni şəkildə köçürülən erməni əsili vətəndaşlar buradan çıxarılacaq. Vaxtilə Azərbaycanda doğulub burada yaşayan erməni vətəndaşları istəsələr vətəndaşlıq alacaq, istəməsələr istədikləri ölkəyə köçəcəklər. Müəyyən müddətdən sonra bu gün sülhməramlıların müvəqqəti nəzarətində olan ərazi də tamamilə Azərbaycanın nəzarətinə keçəcək”. 

Rüfət Sultan