Xəbər lenti

10 əsgərimiz yaralanıb - Ekspertdən açıqlama
Ölkə12:10 08.04.2014

10 əsgərimiz yaralanıb - Ekspertdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ölənlərin sayı nazirliyin yaydığı məlumatda həqiqəti əks etdirsə də, yaralıların sayı rəsmi məlumatda qeyd edildiyi kimi 6 yox, 10-dur”.

Qaynar.info xəbər verir ki, bunu aktual.az-a hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Milli Ordunun 3 hərbi qulluqçusunun həlak olduğu, 6 hərbi qulluqçunun yaralandığı fövqəladə hadisəyə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, baş vermiş faciəyə səhlənkarlılq və qeyri-peşəkarlıq səbəb olub: “İşini bilən adam heç vaxt bu məsələlərdə səhvə yol vermir. O həm özünü, həm də əsgərlərini qoruyur. Göründüyü kimi, ölənlər arasında təcrübəli zabitlərlə yanaşı, əsgərlər də olub. Amma istənilən halda mən hesab edirəm ki, burda səhlənkarlığa yol verilib. Səhlənkarlıq isə qeyri-peşəkarların, işini bilməyənlərin vəzifəyə təyin olunması nəticəsində baş verir. Bu özü də onu göstərir ki, Müdafiə naziri dəyişməklə ordudakı neqativ halları aradan qaldrımaq mümkün deyil. Ümumiyyətlə, ordu ilə bağlı ölkə rəhbərliyi tərəfindən ən ciddi addımlar atılmalıdır”.

Üzeyir Cəfərov həmçinin onu da bildirir ki, partlayan mina vaxtilə Azərbaycan hərbçiləri tərəfindən əraziyə basdırılıb: “Minanın ermənilərə aidiyyatı yoxdur. Vaxtilə orada qulluq etdiyimdən hadisənin baş verdiyi ərazini yaxşı tanıyıram. Bunu da unutmayaq ki, bizim ordu minanı zərərsizləşdirmək üçün hər cür müasir hərbi texnika ilə təhciz olunub. Sadəcə olaraq, bu işi peşəkarcasına həyata keçirmək lazımdır ki, gələcəkdə belə bədbəxt hadisələr baş verməsin. Dünya ordularında da belə hadisələr baş verir, amma gəlin razılaşaq ki, dünya ordularında, bizdən fərqli olaraq, bu,10 ildə bir dəfə baş verir. 

Təxminən iki il əvvəl Goranboyun Tapqaraqoyunlu kəndində hərbi hissələrin birində istehkam xidməti rəisi mayor Zaur Məmmədovla İstehkam bölüyünun komandiri Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş əməkdaşı mayor İlqar Verdiyev minaya düşdü. İlqar Verdiyev sonradan dünyasını dəyişdi. Yəni bunlar onu göstərir ki, belə məsələlərdə son dərəcədə diqqətli olmaq lazımdır. Çünki belə bir məsəl də var ki, mina axtaranlar həyatda yalnız bir dəfə səhv edirlər”.

Qaynar.info