"Uşağın təlim-tərbiyəsi, böyüməsində birinci valideyn, ikincisi isə valideyn bu vəzifəsinin öhdəsindən gəlmədiyi halda dövlət məsuliyyət daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Günel Səfərova Goranboyda anasının sevgilisi tərəfindən 11 yaşlı uşağın döyülməsi və iki gün sonra aldığı xəsarətdən xəstəxanada ölməsindən danışarkən deyib. Günel Səfərovanın sözlərinə görə, Azərbaycan qanunvericiliyində valideyn məsuliyyəti anlayışı aydın formada işlənib hazırlanmayıb:
"Təəssüflər olsun ki, bu uşağa verilən ziyana, zorakılıq faktına görə cəza hələ də İnzibati Xətalar Məcəlləsində çox mənasız bir maddə ilə tənzimlənib. Biz bu ailəni tanımırıq, bilmirik həmin kişi kimdir. Baxırıq ki, son vaxtlar uşaq zorakılığı, qadına qarşı şiddət və bu kimi halların sayı artır. Bununla bağlı çox sadə mexanizmlər var. Hər icra hakimiyyətində risk qrupunda olan ailələrin qeydiyyatı aparılır. Amma onlar necə monitorinq edilir, prosesə hansı sosial işçilər cəlb edilir, ümumiyyətlə, bu uşaqlarla iş necə aparılır, heç bir məlumat yoxdur. Təəssüflər olsun ki, dövlət qurumları hadisə baş verəndən sonra ona müdaxilə edir. Uşağın döyülməsinə kimi ailədə digər zorakılıq olub ki, həyatını itirəcək səviyyəyə çatıb. Ana niyə bu hadisəyə icazə verib? Yaxud da ana tənhadırsa, bununla bağlı dövlətin müvafiq strukturları - Göranboy İcra Hakimiyyətində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya, yaxud da qəyyumluq komissiyaları niyə bir dəfə ailə ilə maraqlanmayıblar?”

Günel Sərərova onu da əlavə edib ki, fiziki zorakılıq görən yüzlərlə uşaq var:
"Təəssüflər olsun ki, bununla bağlı hesabat da hazırlanmayıb. Komitə uşaq vəziyyətinin analiz hesabatını sonuncu dəfə nə zaman hazırlayıb? Ümumiyyətlə, Azərbaycanda uşaqlara yönələn hansı hesabatlar var? UNİSEF-in təqdim etdiyi hesabat bəlli bir çərçivəni əhatə edir. Ailə Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsi niyə uşaqların vəziyyəti ilə bağlı aylıq hesabatını hazırlamır? Sevgili həbs olundu, məsələ isə həll olunmamış qalır. Digər uşaqların başına gəlmə ehtimalı var. Bununla bağlı sadəcə danışırıq, müəyyən bir müddət müzakirə edirik. Amma bununla bağlı komitəmiz var, bu məsələni hökumətin, parlamentin qarşısında qaldırsın ki, bizim buna müdaxilə edəcək resursumuz yoxdur, yeni model hazırlansın. Biz yeni model deyə-deyə dilimizdə tük bitdi. Amma nə Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyindən bunu görürük, nə də komitədən. Həm də problem ondadır ki, koordinasiyalı iş yoxdur”.
Qeyd edək ki, Goranboyda 11 yaşlı Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı Goranboy rayon Polis şöbəsinə məlumat daxil olub. İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.
Bahar Rüstəmli