Xəbər lenti

14 il
Ölkə 15:39 08.07.2025

14 il "iş" almış şəxsi "azad etdirmək" istədi, özü 2 il "iş" aldı

Şəmkirdə qohumunu güllələyən Ramin Mehdixanovun yaxınları onu həbsdən azad etdirmək istəyərkən dələduzluğun qurbanı olub. 

Qaynarinfo xəbər verir ki, Ramin Mehdixanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib. Apellyasiya şikayətindən sonra isə o, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Lakin dövlət ittihamçısı qərardan protest verib və Mehdixanov yenidən həbs edilib. 

Onun Nurlan adlı tanışı Ramin Mehdixanovu azad etdirəcəyinə dair məhkumun yaxınlarına vəd verib. Bunun müqabilində isə onlardan 7350 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

Ramin Mehdixanovun yaxınları hüquq-mühafizə orqanlarına şikayət edib. Nurlan saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Şəmkir Rayon Məhkəməsində hakim Nazlı Heydərovanın sədrliyi ilə baxılıb. Nurlan məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Daha sonra bildirib ki, Ramin Mehdixanovu vaxtilə hüquq-mühafizə orqanlarında işləmiş bir tanışı vasitəsi ilə "azad etdirəcəkmiş". O, pulları da həmin tanışına verib. Lakin həmin şəxs avtomobil qəzasında dünyasını dəyişib. Nurlan dəymiş ziyanı ödəməsə də, qarşı tərəflə barışdığını deyib. Həmçinin əlavə edib ki, azadlığa çıxdıqdan sonra dəymiş ziyanı ödəyəcək. 

Məhkəmə Nurlanı 178.2.4-cü maddə ilə təqsirli bilərək, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. 

Xatırladaq ki, Ramin Mehdixanov 2021-ci ildə şəxsi münasibətlər zəmnində dayısı oğlu Musa Rüstəmova və onun tanışı Bakir Hüseynova ov tüfəngindən atəş açıb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsi Ramin Mehdixanov verilmiş ittiham üzrə təqsirli bilib və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.  

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->