
Generallisimus Stalin niyə Qələbə paradının keçirilməsini qadağan etdi?
Вu gün faşizm üzərində qələbənin 69-cu ildönümüdür. Düz 69 il bundan əvvəl o zamankı SSRİ özünün tarixində ən böyük qələbəsini əldə etdi. Bu, Qərb tərəfindən “bəla” imperiyası adlandırılan kommunist rejiminin təkcə faşist Almaniyası deyil, həm də Qərb qarşısındakı hərbi üstünlüyü, siyasi zəfəri idi. 1945-ci ilin 9 mayında Reyxstaqa qələbə bayrağı sancılması üçün aprelin 15-dən hücuma və kütləvi bombardmanlara başlayan sovet ordusunun təkcə Berlinin təslim olması uğrunda döyüşlərdəki itkilərinin sayı 320 min idi. Bu, ABŞ-ın İkinci Dünya Müharibəsindəki ümumi insan tələfatının sayına bərabər idi. Təkcə hitlerçilərin işgal etdikləri ölkələrin azad olunması ugrunda döyüşlərdə 1 milyondan çox sovet əsgəri həlak oldu. Faşistlər SSRİ-nin 4/1 hissəsini dağıdıb viran qoysalar da, bütövlükdə 23-25 milyon sovet vətəndaşının həlak oldugu 1418 günlük müharibədə sovetlər birliyinin 1700 şəhər və şəhər tipli qəsəbəsi, 70 mindən çox kəndini dagıtsalar da, kommunist rejimi ölüm-qalım savaşından nəinki üzüağ çıxdı, hətta Almaniya, İtaliya, Macarıstan, Rumıniya dördlüyünü diz çökdürərər kapitalist Avropasının düz göbəyində özündən asılı rejimlər bərqərar etdi. Təəssüf ki, dünya tarixçiləri və araşdırmaçıları çox da uzaq olmayan yaxın keçmişlə bağlı suallara bu günə qədər hələ də cavab tapa bilməyiblər:
- Birincisi, Stalin nə üçün Hitlerin hücumu ilə baglı faktlara inanmırdı? Hər şeydə birinci olan İosif Vissarionoviç niyə xalq qarşısına müharibənin başladıgı 22 iyunda yox, iyulun 3-də çıxdı? 1941-ci ilin 7 noyabrında Kremlin qarşısındakı meydanda çıxış edən kim idi – Stalin yoxsa, oxşarı? İosif Vissarionoviç ən çox sevdiyi övladı Yakov Çuqaşvilinin də uğrunda qan tökdüyü qələbənin ildönümü münasibətilə paradların keçirilməsini niyə qadağan etdi?
Stalinə ən dəqiq teleqramı vuran da, Moskvanın xilaskarı da azərbaycanlı idi
Avropadakı əsas rəqiblərini məğlub edən Hitler 1940-cı ilin sonlarında baxışlarını özünün də “Şərq cənnət-məkanı” adlandırdığı SSRİ-yə yönəltdi. 39-cu ilin 23 Molotov-Ribbentrop paktı ilə SSRİ-ni müvəqqəti dövr üçün neytrallaşdıran Hitler “Mənim mübarizəm” kitabında yazırdı: “Şərqdəki cənnət məkan deyəndə biz hər şeydən əvvəl SSRİ-ni nəzərdə tuturduq. Tale özü bizi ora çagırır”.
1941-ci ilin dekabrında Finlandiya böhranını müzakirə etmək üçün Berlinə gələn, almanlar tərəfindən zəhərləndiriləcəyindən ehtiyat etdiyindən hətta öz boşqablarını, salfetini, çəngəl və bıçaqlarını Moskvadan özüylə gətirdən, onları dezinfeksiya etdirən SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov Hitlerin kabinetində onunla gərgin Almaniya-SSRİ münasibətlərini müzakirə edəndə qonşu kabinetdə isə SSRİ-yə hücum planı “Barbarossa” təsdiqlənməsi üçün fürerin imzasını gözləyirdi.
Fürer onu dekabrın 18-də təsdiqlədi.
Hitler öz generalları ilə SSRİ-yə hücumun dəqiq vaxtını müzakirə edərkən Stalin ona Almaniyanın yaxın vaxtlarda hücum edəcəyi barədə raportlar verən, məruzələr edən generallarını güllələdirdi. Artıq neçə-neçə ordu komandanı Almaniyanın SSRİ-ya hücumu ilə bağlı xəbərdarlıgına görə güllələnmişdi. Diktatorun “yoldaş Stalin, almanlar sərhədlərimizdə yeni-yeni istehkam qurğular düzəldirlər, təkcə mayda faşistlər hava sərhədlərimizi pozaraq 32 kəşfiyyat uçuşu həyata keçiriblər. Almaniya ölkəmizə qarşı hücuma hazırlaşır” – fikirlərini səsləndirən sovet generallarına cavabı eyni olurdu: “Bu, ingilis kəşfiyyatının fırıldağıdır, siz isə həmin təxribatların qurbanı. Əgər ingilislər nəsə haqda danışırlarsa, bilin ki, onun əksi baş verəcək”. Bir sözlə, yazılı raport arxivə, müəllif isə həbsə göndərilirdi.
1941-ci ilin 30 mayında Tokiodan Moskvaya növbəti – sonuncu kəşfiyyat teleqramı vurulur. Əslən bakılı olan kəşfiyyatçı Rixard Zorge müəlllifi olduğu teleqramda hətta Almaniyann SSRİ-yə qarşı hücumunun tarixini də ilk dəfə olaraq dəqiq göstərirdi: - 1941-ci ilin 22 iyunu. Stalin ona da inanmadı. Halbuki Zorgenin qeyd etdiyi tarixdə - iyunun 22-i, saat 03:45 5 milyonluq faşist əsgər və zabiti SSRİ-nin sərhəd məntəqələrinin bombardmanına başladı.
Həmin gecə səhər saatlarında Stalini həyəcanlı müharibə xəbəri ilə 1418 gün sonra Berlini diz çökdürəcək gələcəyin marşalı Georgi Jukov yuxudan oyatdı. Lakin əsas məsələ xalqın oyanması idi. Ki, Stalin bunu etməkdən utanır, xalq qarşısına çıxmırdı. İndi bütün dünyanın Stalinin şüarı kimi qəbul etdiyi “Qələbə bizimlə olacaq”, “Alman faşizminə qalib gələcəyik” qələbəyə çağırış çıxışının müəllifi, əslində, SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov idi. İyunun 22-də xalq qarşısına çıxıb müharibə xəbərini elan edən məhz o idi. Stalin isə sovet xalqı qarşısına yalnız iyulun 3-də çıxdı: “Qardaşlar və bacılar, alman faşizmi ölkəmizə hücum edib. Biz Avropanı işğal etmiş təcavüzkarla müharibə kimi böyük sınaq qarşısındayıq. 19-cu əsrdə Napoleon da məğlubedilməz sayılırdı, amma böyük rus xalqı onu məğlub etdi”.
Stalin həqiqəti danışırdı.
Hitlerin SSRİ üzərində qələbəylə bağlı boşboğaz vədlərinə baxmayaraq “İldırım sürətli müharibə” planıyla sovet imperiyasını 2 ay 2 həftə ərzinə məğlub etmək mümkün olmadı. Almanlar 41-ci ilin oktyabr-noyabr Moskva ətrafındakı yeganə şəhər Smolenskə yaxınlaşdılar. Rusların Avropa dövlətlərini diz çökdürən təcrübəli hərbi birləşmələrinə qarşı çıxacaq gücü qalmamışdı. Noyabrda Tokiodakı əsl azərbaycanlı çekist Zorgedən növbəti teleqram gəldi: “Yaponiyanın əsas hədəfi SSRİ yox, ABŞ-dır. Onlar yaxın vaxtlarda SSRİ-yə hücum etməyəcəklər”.
Stalin bu dəfə azərbaycanlı kəçfiyyatçıya inandı və şaxtalı havada əla döyüş qabiliyyətinə malik olan Yaponiya sərhədlərindəki "Sibir diviziyası" gizli şəkildə Moskvaya gətirildi. Onlar dekabrın 6-da əks hücuma keçərək almanları 200 km geri oturtdular. Moskva xilas edildi. Bundan 1 gün sonra – dekabrın 7-də Yaponiya ABŞ-a hücum etdi. Bakılı kəşfiyyatçı bu dəfə də doğru məlumat vermişdi.
Sirli müharibənin sehrli, təzadlı məqamları
Dünya tarixçiləri, Stalini birmənalı qələmə verən Qərb araşdırmaşıları indi bizə ya bilərəkdən yalan, ya da bilməyərəkdən qeyri-dəqiq versiyalar sırıyırlar: "1941-ci ilin 7 noyabrında, almanlar Moskvanın bir addımlığında SSRİ-nin paytaxtına sonuncu hücum hazırlayarkən "Qızıl Meydan"da çıxış edən Stalin yox, onun oxşarı idi. Çünki 40 dərəcəli şaxtada əsgər və zabitlərin burunlarından buxar çıxdığı halda çıxış edən Stalinin ağzından buxar yox idi, İosif Vissarionoviç qaçmışdı".
Bəs, əslində, həqiqət nədən ibarət idi? Məsələ burasındadır ki, indi seyr etdiyimiz həmin görüntülərdə çıxış edən Stalini əks etdirən kadrlar sonradan montaj olunmuşdu. İkinci Dünya Müharibəsi sirli, sehrli məqamlarla doludur: - SSRİ-yə hücum planının müəllifi general fon Pauls idi. Qəribədir ki, sovet ordusunun ələ keçirdiyi ilk ən yüksək rütbəli alman zabiti – faşist marşalı da elə fon Pauls idi. Hitler 1943-cü ilin 30 yanvarında ona marşal rütbəsi verərkən düşünürdü ki, fon Paulsun özünü öldürəcək, ancaq əsir düşməyəcək. Pauls isə elə həmin gün əsir düşdü. Almanlar Fransanı 16 günə işgal edib iyunun 22-də Kompyen meşəsindəki köhnə vaqonda ona təslim aktını imzalatdırdılar, amma Fransadan qat-qat kiçik və zəif Leninqradı (Sankt-Peterburq) 900 gün ələ keçirə bilmədilər.
Çoxları bu suala hələ də cavab tapmayıb: - müharibə iyunun 22-də başladığı halda SSRİ-nin Təhlükəsizlik Şurası nə üçün yalnız ayın 30-da təşkil olundu? Çünki Stalin Ali Baş Komandan vəzifəsini öz üzərinə götürməkdən imtina etmişdi. O, yalnız avqustun 8-də Ali Baş Komandan səlahiyyətlərini icra etməyə başladı.
Daha bir təzad Stalinin 1945-ci ilin 19 yanvarında imzaladığı əmrlə bağlıydı: - SSRİ-nin Ali Baş Komandanı Almaniyanın daxilində müharibə aparan sovet əsgərlərinə mülki vətəndaşlara atəş açmağı qadağan etmişdi. Halbuki faşistlər SSRİ-də 14-15 milyon mülki insanı məhv etmişdilər. Başqa bir sirli məqam iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun ölümüyə əlaqədar idi. Yüksək rütbəli zabitimizin 1945-ci ilin 24 yanvarında öldürüldüyü yerdə nə faşist vardı, nə də döyüş əməliyyatı aparılırdı.
Tarixin başqa bir ironiyası: - Almaniya üzərində qələbənin paradı Berlindən gətirilmiş, almanlara məxsus “ABA” lentləri vasitəsilə tarixin yaddaşına köçürüldü. Qələbə paradında raport verən keçmiş “Vətən xaini” marşal Vasilevski idi.
Və nəhayət sonuncu təzad: - bəlkə də, çoxları Stalinə dünyada ən yüksək ali hərbi generallisimus rütbəsinin müharibədən sonra verilməsindən xəbərsizdir. İyunun 26-da generallisimus rütbəsi alan Stalin "Qızıl meydan"da 9 May Qələbə paradının keçirilməsini qadağan etdi. Qələbə paradı yalnız Stalin öldükdən 20 il sonra bərpa olundu. Tarixçilər nə üçün diktatorun belə qərar qəbul etməsinin səbəblərini bu günə kimi aydınlaşdıra bilməyiblər.
Əldə olunmamış qələbənin paradı, yaxud erməni Stalinin nəyinə lazim idi?
Nəhayət, bir neçə kəlmə də keçmiş SSRİ-nin və indiki Rusiyanın tarixlərində ən böyük hərbi tədbir olan Qələbə paradı haqda:
- Marşal Jukovun mayın 8-dən 9-a keçən gecə Almaniyanın qeyd-şərtsiz təslim aktına qol çəkdirməsindən sonra "Qızıl meydan"da qələbə paradına hazırlığa start verildi. Halbuki müharibə başa çatmamışdı və Avropadakı 4 illik gərgin döyüşlərdə yorulmuş sovet əsgərləri vaqonlarla olduqca gizli şəkildə Şərq cəbhəsinə, Yaponiya ilə cəbhəyə göndərilirdi – "Böyük Vətən Müharibəsi" başa çatsa da, İkinci Dünya Müharibəsi hələ davam edirdi. Lakin buna baxmayaraq Stalin qələbə paradının keçirilməsinə tapşırıq verdi. Marşal Jukov ondan hazırlıq üçün 2 ay vaxt istədikdə, İosif Vissarionoviç yalnız 30 günlə razılaşdı. Bu, 10 min komplektləşdirilmiş ordu hissələrinin zəfər yürüşü idi.
Qəribəydi: - illərlə ağır döyüşlərdə iştirak etmiş 4 ilin təcrübəli müharibə veteranlarına ... gənc əsgərlər kimi addımlamağı öyrədirdilər. Hitlerin şəxsi standartı, habelə digər standartlar, eləcə də 199 faşist bayrağı Berlindən Moskvaya gətirildi. Bayraqlar paradın sonunda veteranlar tərəfindən yerə, ayaq altına atılmalıydı. Bu məsələdə də problemlər yarandı – veteranların faşistlərə qarşı nifrəti o qədər güclüydü ki, həmin standartları və bayraqları əllərinə vurmaqdan imtina etdilər. Yalnız bir şərtlə - əlcək taxmaqla. Belə də oldu. Bu, gördüyünüz fotolarda da tarixə belə əks olundu. Meydana giriş xüsusi razılıq və yoxlanışla mümkün idi. Paradı marşal Jukov marşal Vasilevskidən atın üstündə qəbul qəbul etdi. Hazırlıq zamanı özgə miniyə alışmamış at generallardan birini yerə çırpıb ayağını sındırdı. Odur ki, “Ərəb” adlı atı minmiş Jukov Vasilevskinin raportunu qəbul edib atdan düşəndə astadan “Allaha şükür, yaxşı qurtardıq” – deyə pıçıldadı.
Paradda ABŞ, İngiltərə, Fransa, habelə digər dövlətlərin səfirləri, rəsmi qonaqları iştirak edirdilər. Stalinin dayandığı tribunaya qədər nizamla addımlayan veteranlar SSRİ rəhbərinin qarşısından keçərkən başlarını çevirib sol çiyinləri üzərindən hərbi nizamla ona baxırdılar. Lakin gəlib xarici kapitalist dövlətlərinin dayandıgı yerə çatdıqda başlarını düzəldərək gözlərini irəliyə zilləyirdilər. Əmr belə idi. SSRİ rəhbərliyi döyüşçülərinin bu davranışlarıyla Almaniyaya qarşı ikinci cəbhəni gec – yalnız 1944-cü ilin 6 uyununda açmış ABŞ, İngiltərəyə olan nifrətini büruzə verməklə diplomatları "Qızıl meydan"da aşağıladı. Axı kapitalist Qərbinin məqsədli yubanıqlığı daha bir neçə milyon sovet əsgərinin məhvinə və SSRİ-nin faktiki olaraq 3 il ərzində meydanda Almaniya ilə təkbətək qalmasına səbəb olmuşdu.
Sonradan paradın çəkilişlərinə baxan Stalin sənədli filmin kadrlarını izləyərkən gözlənilmədən üzünü yanındakılara tutur: “Bəs hanı general Baqramyan? Onu və başqa generalı niyə çəkməmisiniz?” Diktatora başa saldılar ki, Baltik cəbhəsinin ordu komandanı həmin vaxt öz xidməti yerlərində qulluqda olub. Stalin general Baqramyanın da kadrlara düşməsi üçün gec də olsa, onun xüsusi olaraq çəkilməsini tapşırdı. Çəkiliş qrupu həmin generalı də lentə alıb, guya Baqramyanın parad zamanı meydanda olmasını əks etdirən yeni, montaj edilmiş sənədli film hazırladı. Paraddan sonra Kremlin zalında keçirilən ziyafətdə iştirak edənlər Stalini ilk dəfə ağlayan gördülər.
Qəddarlığı ilə seçilən diktator ilk badəsini sovet xalqının şərəfinə qaldırdı və belə dedi: “1941-ci ilin iyununda xalq ayağa qalxıb, “rədd olun gedin, bizə sizin kimi hökumət lazım deyil” deyə bilərdi, lakin demədi. İçək sovet xalqının şərəfinə”.
Stalin müharibənin başlayacağı barədə xəbərlərə inanmamasının SSRİ-yə necə baha başa gəlməsini gec də olsa, anlamışdı.
P.S. Böyük Vətən Müharibəsinə sovet Azərbaycanından 650 min nəfər döyüşçü getmişdi. Onların 300 mini geri qayıtmadı. Berlinin darvazalarından birinə qələbə bayrağını ölkəmizdə təşkil olunmuş "416-cı Taqanroq diviziyası" sancmışdı.
Anar Türkazər
Qaynar.info





