Xəbər lenti

18 yaşı olmayanlara bar, siqaret və içki qadağası: Qanun işləyəcəkmi? -Açıqlamalar
Ölkə12:44 16.11.2016

18 yaşı olmayanlara bar, siqaret və içki qadağası: Qanun işləyəcəkmi? -Açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin Gənclər və idman komitəsinin ötən gün keçirilən iclasında “ Gənclər siyasəti haqqında” qanun layihəsinə yeni əlavə və dəyişikliklərin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Yeni qanun layihəsinə əsasən 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadəsi, şans və mərc oyunlarda birbaşa və dolayı ilə yolla iştirakı, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20.00-dan sonra bar, diskoteka və gecə klublarında olmasında iştirakı qadağan edilir.

Bəs, bu qanun nə dərəcədə işlək olacaq? Qadağa ilə nəyəsə nail ola bilərikmi?

Psixoloq Vəfa Əkbər Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, qadağalar meylləri artıracaq. Ekspert hesab edir ki, bunun qarşısını uşaqların erkən yaşlarından maariflənməsi ilə nail ola bilərik. Psixoloq bəzi məqamlara toxunaraq məktəblərin fəaliyyətsizliyini də gizlətmədi:

“Qadağan olmuş meyvə həmişə şirin olur. Nə qədər qadağa olacaqsa, həmin zərərli vərdişlərə meyllilik artacaq. Bunun üçün də ilk növbədə məktəblərdə ibtiadi siniflərdən hər il monitorinq keçirilib seminarlar təşkil olunsa ki, zərərli maddələrin və vərdişlərin verə biləcəyi fəsadların sonu nə ola bilər, uşaqları bu istiqamətdə məlumatlandırsa, buna bir qadağa şəklində baxmayacaqlar. Sadəcə, sağlam həyat tərzi olduğu üçün doğru seçim edəcəklər. Əgər qadağan etsək, alternativ yollar tapıb zərərli maddələrdən istifadə edəcəklər. Düşünmürəm ki, əgər bu qadağa qoyulubsa, hər bir uşaq bir qayda olaraq buna riyaət edəcək. Əgər bir uşağın zərərli vərdişləri 12-13 yaşından başlayıbsa, bu davamlı şəkildə gedəcəkdir və özlərinə bəraət qazandıracaqlar ki, mən artıq illərdir bu vərdişlərdən əl çəkə bilmirəm. Ona görə də erkən yaşlardan uşaqlar məlumatlandırılsın. Hər bir şeyin bünövrəsi ilk mərhələdən başlayır.  Əvvəlki illərə nisbətən son illərdə zərərli vərdişlərlə məşğul olan məktəblilərin sayı artıb. Çünki məktəblərdə maraqlı dərnəklər yoxdur. Bir uşağın oxumağa meyli olmadıqda isə onu bacarıqsız uşaq kimi qələmə verməməliyik. Onun digər qabiliyyəti var ki, onu üzə çıxarmalıyıq. Buna olmadıqda isə uşağı cəmiyyətdən təcrid etmiş oluruq. Təcrid olduqda isə o özünü sübut etməyə çalışır. Sonda siqaret çəkir. Bununla isə özünü və öz gücünü sübut etməyə çalışır. Əgər əvvəllərdəki kimi maraqlı dərnəklər olsa, teatrlar və müsabiqələr keçirilsə, uşaqlar zərərli vərdişlərdən yayınarlar. Amma indiki durumda əmək dərnəkləri yoxdur, uşaqlar idman dərsinə girmirlər. Yaxşı olar ki, uşaqların bünövrəsini düzgün qoyaq. Ailənin uşaq üzərində gücü 25 faizdir, digər 25 faiz isə cəmiyyətin üzərinə düşür. Yəni bu da məktəbdir. Əgər məktəblərdə uşaqları zərərli vərdişlərdən çəkindirə bilmiriksə, deməli qarşısını ala bilməyəcəyik".

Sosioloq Cavid İmamoğlu isə qanun layihəsini müsbət hesab edir. Ekspert Qaynarinfo.Az-a bildirdi ki, nəzarət olmayanda zərərli maddələr daha asan əldə edilir:

"Zərərli vərdişlərə aludəçilik gənclər arasında son dövrlər çox yayılıb. Bunun bir çox səbəbi var. Bir səbəbi budur ki, tütün məhsulları və spirtli içkilər mağazalardan kənarda əl çatan olanda yeniyetmə və gənclər daha asan yolla əldə edirlər. İkincisi isə budur ki, nəzarət olmayanda. Bura valideyn nəzarəti, məktəb və o cümlədən qanuna əsasən dövlət nəzarəti aiddir. İndiki halda Azərbaycan reallığında bu cür dəyişikliklərin edilməsi və qanunların qəbul edilməsi gənclərin sağlam həyat tərzi keçirməsi ilə bağlıdır və bu addım müsbət təsir edəcək. Zərərli vərdişlərdən çəkindirmək üçün zərərli maddələrdən istifadə edilməsini minimuma endirmək lazımdır. Yeniyetməlik dövrü elə bir dövrdür ki, xüsusilə oğlanlar arasında özünü sübut etmək üçün müxtəlif zərərli maddələrdən istifadə etməyə çalışırlar. Qanunla bu tənzimlənərsə, o zaman yeniyetmə şənlikləri barlarda, restoranlarda satışı, verilməsinə nəzarət olunarsa, tədricən bu zərərli vərdişlərdən uzaqlaşmağa nail ola bilərik". 

Pərvin Zeynal

Qaynarinfo.Az