Xəbər lenti

180 azərbaycanlının həbsində adı hallanan Abid Şərifov danışdı
Ölkə12:40 26.08.2015

180 azərbaycanlının həbsində adı hallanan Abid Şərifov danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Əgər belə bir hal olsaydı, mən bundan xəbər tutardım. Bizdə də belə hallar olur. Dövlət Miqrasiya Xidmətindən sənəd alınmır və problemlər yaranır”.

Qaynar.info xəbər verir ki, bunu “Yeni Müsavat”a baş nazirin müavini Abid Şərifov deyib. 

Xatırladaq ki, mətbuatda “EVRASCON” ASC 180 azərbaycanlının qanunsuz yolla Qazaxıstana aparıldığı barədə məlumatlar yayılmışdı. Qeyd edilirdi ki, 4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıblar. Ayda 2 dəfə olmaqla qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar. Bir neçə gün əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb. O da bildirilirdi ki, şirkət Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərir. 

Baş nazirin müavini deyir ki, əgər belə hal Qazaxıstanda olubsa, deməli, orada olan idarənin rəhbərinin səhvidir: “Elə də problemli məsələ deyil. Mən bilən “EVRASCON” Qazaxıstanda işləmir. Vaxtilə orada işləyiblər. Moldovada, Özbəkistanda, Moskvada işlədiklərindən məlumatım var”.

Abid Şərifov dəstəyi asmadan digər telefonla “EVRASCON” ASC-nin Direktorlar Şurasının sədri İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlu ilə əlaqə saxlayıb. Ondan Qazaxıstanda işləyib-işləmədiklərini xəbər aldı və məlum oldu ki, şirkət Qazaxıstanda yol çəkir. 

A.Şərifov ona ünvanlanan 180 azərbaycanlı fəhlənin taleyi ilə bağlı sualı Direktorlar Şurasının sədrinə çatdırdı. Sonuncu isə nazir müavininə belə bir halın olmadığını dedi. 

A.Şərifov “Belə bir hal yoxdur, yalan söhbətdir, cəfəngiyatdır. Bu adam şirkətin rəhbəridir, hər şeyi bilməlidir və bilir də. Bu şirkət 1000-dən çox fəhlə işlədir, azərbaycanlıları xaricə aparıb işlə təmin edir. Təsəvvür edirsiz, 1000-dən çox fəhləni. Bu şirkətin rəhbəri mənim qardaşımdı” - söylədi.  

Baş nazirin müavini bununla belə məsələ ilə maraqlanacağını da açıqladı. 

Qaynar.info