2-ci Alatava sakinləri Məhəmməd Xiyabani küçəsində dairəvi-köməkçi yolda baş verənlərdən narazılıq edir.
Sakinlər Qaynarinfo-ya müraciətində bildirib ki, sözügedən yolun dar və ikitərəfli olmasına baxmayaraq, ötmə əməliyyatını həyata keçirmək üçün nişanlama xətləri çəkilib.
"Yol kifayət qədər dardır. Hər an qəza riski var. Belə vəziyyətdə gəlib yola ötmə əməliyyatı üçün nişanlama xətləri çəkiblər. Məsələ burasındadır ki, iş keyfiyyətsiz görülüb və xətlər pozulub. Bu isə qəza riskini daha da artırır”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, başqa bir problem ərazinin az qala avtomobil parkına dönməsidir: "Xaliq-Faiqoğlu” şirkətinin qarajının yaxınlığında su anbarının qarşısı və Jasmin parkı sözün əsl mənasında avtomobil parkıdır. Bu da gediş-gəlişimizi çətinləşdirir. Dəfələrlə müvafiq qurumlara müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülmür”.
Sakinlər həmçinin marşrutun olmamasından şikayətçidir: "Təsəvvür edin, burada yüzlərlə ailə yaşayır. Amma bu ərziyə heç bir marşrut işləmir. Biz də əziyyət çəkirik. Uşaqları məktəbə aparıb-gətirmək müşkülə çevrilib. Bizim əsas xahişimiz də bu problemin aradan qaldırılması ilə bağlıdır. Mətbuat vasitəsi ilə müvafiq qurumlara müraciət edərək bu problemin həllinə yardımçı olmalarını xahiş edirik. Səsimizi eşidən olmasa, daha yuxarı instansiyalara müraciət edəcəyik”, deyə 2-ci Alatava sakinləri vurğulayıb.
Seyid