Moskvada Leonid Safyannikov miqrant tərəfindən qətlə yetirilibÖtən gün Moskva ətrafında yerləşən Puşkino qəsəbəsində “Spartak” futbol klubunun fanatı Leonid Safyannikov miqrant tərəfindən qətlə yetirilib.
ANS PRESS-in məlumatına görə, bu qətl hadisəsi yerli sakinlərin etirazına və geniş rezonansa səbəb olub. Hadisə Safyannikovun iki miqrantla mubahisəsindən sonra yaranıb. Mubahisə zəminində miqrantlardan biri Safyannikova zərbə vurub və o, yerə yıxılarkən başı daşa dəyərək aldığı zərbədən ölüb.
Müəyyən olunub ki, qətli törədən Özbəkistan vətəndaşı Jaxongir Əhmədovdur. O, hadisədən sonra Özbəkistana qaçsa da orada həbs olunaraq Moskvaya gətirilib.
Mayın 15-də axşam Puşkino şəhərinin bir neçə min sakini “Spartak” klubunun azarkeşinin özbək miqrant tərəfindən öldürülməsinə etiraz olaraq küçələrə çıxıb. Miqrantın işlədiyi bazara hücum olub və ticarət köşkləri dağıdılıb.
Bu gün isə Puşkino rayonunun administrasiyası bazarın bağlanması barədə qərar çıxarıb.
“Lesnaya küçəsində yerləşən bazar birmənalı şəkildə bağlanacaq, çünki fəaliyyəti qanunsuzdur. Digər bu kimi ticarət obyektlərinin də fəaliyyəti dayandırılacaq”, - deyə rayon rəsmisi bildirib.
Məlumata görə, iki gündür ki, Federal Miqrasiya Xidməti bazarda yoxlama aparır və 500-dən çox miqrant saxlanılıb. Onlardan 75-nin qeyri-leqal miqrant olduğu aşkarlanıb.
Qeyd edək ki, Puşkino bazarında azərbaycanlılar da ticarətlə məşğul olurdu.
Xatırladaq ki, buna bənzər hadisə ötən ilin payızında Moskvada baş verib. Azərbaycan vətəndaşı Orxan Zeynalovun törətdiyi qətlə görə iğtişaşlar başlayıb və onun işlədiyi “Pokrovka” bazarı bağlanıb. Həmçinin bu hadisə Rusiyada miqrantlara qarşı hücumlara səbəb olub.
Qaynar.info











