
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”(AXDG) QSC-yə məxsus 2 yük daşıyan gəmisinin qəzaya uğraması haqda redaksiyamıza məlumat daxil olub. Məlumata görə, Qazaxıstan sularında "Zərifə Əliyeva" adına yük gəmisinin içində 7 vaqon aşıb.
“Hadisə dekabrın 22-də baş verib. Gəminin yük yerində vaqonların aşması tarazlığın itməsinə səbəb olub. Nəticədə gəmi hərəkəti dayandırıb. Bu haqda Azərbaycanın və Qazaxstanın müvafiq qurumlarına məlumat verilib. Lakin heç bir tədbir görülməyib. Bakıdan göndərilən mütəxəssislər gəmidəki qəzanı aradan qaldıra bilməyiblər. Gəminin 60 nəfər heyət üzvü günlərdir ki, gəmi köməklik gözləyirlər. Qida və su ehtiyatı artıq tükənib”- deyə adının çəkilməsini istəməyən mənbə bildirib.
Bildirilir ki, gəmidə qəzanın baş veriməsinə səbəb QSC-dən gəmi kapitanına hava məlumatının düzgün verilməməsidir: “Gəmi Bakı yük limanından Aktauya yola çıxmazdan əvvəl Dəniz Gəmiçiliyi İdarəsindən hava haqda məlumat səhv verilib. Yəni havanın az küləkli olacağı haqda məlumat verilib. Gəmiyə həm də nəzərdə tutulandan artıq yük vurulub. Qazaxıstan sularında küləyin surəti proqnozda göstəriləndən qat-qat artıq olub. Nəticədə gəmi dalğaya düşüb və içində 7 vaqon aşıb”.
Qaynağımız Bakıdan Qazaxstana gedən "Merkuri" adlı yük gəmisinin də eyni səbəbdən qəzaya uğradığını bildirib.
Məsələ ilə bağlı AXDG QSC-nin mətbuat xidmətinə müraciət etdik. Xidmət rəhbəri Vüqar Sadıqov olayla bağlı bunları dedi: “Hava şəraiti ilə əlaqədar “Zərifə Əliyeva” adına yük gəmisi dalğaya düşüb. Həmin vaxt gəminin yük yerində olan vaqonların 2-dən bərkitmə zənciri açılıb və vaqonlar biri-birinə söykənib. Gəmi qəzaya uğramayıb. Sadəcə vaqon vaqona söykənib. Bu bir sığorta hadisəsidir. Hazırda vaqonlar boşaldılıb, gəmiyə təzə yük vurulur. Yükün gecikməsinə görə sığorta şirkəti araşdırma aparılır”. V.Sadıxov son 10 ildə belə bir hadisənin baş vermədiyini də söyləyib. Əlavə edib ki, hadisə zamanı gəmiyə və heyətə heç bir zərər dəyməyib. A.Sadıxov gəmiyə düzgün hava məlumatının verilməməsi haqda məlumatın doğru olmadığını söylədi: “ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometrologiya şöbəsindən gündə 2 dəfə AXDG-yə proqnoz verilir. Adından da göründüyü kimi bu məlumat proqnozdur. Bundan başqa gəmilərdə hava şəraitinin necə olacağını öncədən müəyyən etməyə imkan verən müasir qurğular var. Üstəlik gəmilərdəki internet vasitəsi ilə dünyanın istənilən nöqtəsində hava durumu haqda anbaan məlumat verən saytlar var. Yəni mümkün deyil ki, gəmi səhv məlumatla yola çıxsın. Sadəcə, hava axının dəyişməsi olur, küləyin surəti arta və ya azala bilir”.
Qaynar.info