Tanınmış azərbaycanlı hakim Elçin Məmmədov biznesə girişib. Bu barədə futbol11.az saytı məlumat yayıb.
Məlumata görə, futzal üzrə FİFA referisi Bakının gediş-gəlişin gur olduğu yerində iki restoran açıb. Adıçəkilən referi artıq Azərbaycan premyer-liqasının oyunlarına təyinat almır. O, yalnız futzal oyunlarını idarə edir.
Qeyd edək ki, E.Məmmədov böyük qalmaqala səbəb olan görüşdən sonra hakimlikdən birdəfəlik uzaqlaşıb. Daha doğrusu, uzaqlaşdırılıb. Ötən mövsümün sonlarında E.Məmmədovun “Xəzər Lənkəran”la kubok oyunundan əvvəl “Bakı”dan 20 min dollar rüşvət aldığı, sonradan isə həmin pulu geri qaytardığı haqda məlumatlar yayılmışdı. “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov E.Məmmədovun “Xəzər Lənkəran” tərəfdən rüşvət aldığını, kubokun yarımfinalında bu komandanın xeyrinə qərarlar qəbul etdiyini bildirmişdi. Həmin oyunda uduzan “Bakı” kubokun finalına çıxa biməmişdi.
E.Məmmədovun bu olaydan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədovun təkidi ilə hakimlikdən qovulduğu iddia olunurdu.
Onu da qeyd edək ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə və AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovla isti münasibətləri olan E.Məmmədov Azərbaycan futbolunda dəfələrlə böyük səs-küyə səbəb olan matçlarda fit çalıb.