"Mənim bir övladım var, amma vaxtımın çoxunu məktəbdəki şagirdlərə ayırıram. Bəzən evdə də narahatlıq olur ki, "öz uşağına ayırmağa vaxtın olmur”. Deyirəm bu evdədir, amma mənim ilk vəzifəm məktəbdəki övladlarımın təhsilidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakıda 20 şagirdi ali məktəbə daxil olan 314 nömrəli məktəbin müəllimi Asif Salmaov deyib. Asif Salmanovun sevincinin həddi-hüdudu yoxdur:
"20 şagirdim ali məktəbə daxil olub. Mən onların həm müəllimləri, həm də sinif rəhbərləri idim. Həmin sinif mənə veriləndə qarşıma məqsəd qoydum ki, bizim hədəfimiz ali məktəblərdir. Mən bunu bütün sinifin beyinlərinə yazdırıram. Deyirəm ki, biz hamımız tələbə olmalıyıq. Hətta uşaqlardan biri çox zəif bal toplamışdı. Bütün şagirdlər ona deyirdilər ki, "necə oldu, sən belə məsuliyyətsizlik etdin, biz sinif olaraq qarşımıza ali məktəbə daxil olmağı məqsəd qoymuşuq”. Həmin vaxtda bütün sinif o şagirdə dəstək verdi. İkinci imtahanda artıq o da yüksək nəticə göstərdi və ali məktəbdə qəbul oldu, sağ olsunlar. Həmin sinfə 3 gün müəllim girməsəydi, onlardan səs çıxmazdı, yəni bu qədər tərbiyəli idilər. Həyatımda belə bir sinif görməmişdim”.
Asif Salmanov hesab ediir ki, müəllimlərin bütün istəyi şagirdlərinin ali məktəbə daxil olmasıdır:
"Bu mənim ikinci sinif rəhbərləri olduğum şagirdlərdir. Birinci dəfə 2019-cu ildə sinif rəhbəri olmuşam, o zaman da 22 şagirdim ali məktəbə daxil olub. İndi 3-cü sinif rəhbəri olacam. Qarşımda yenə hədəf var, gözləyirəm ki, sentyabrda sevimli şagirdlərimi görüm”.
Bahar Rüstəmli