Xəbər lenti

20 saylı dairədə nə baş verir? - YENİLƏNİB
Ölkə07:59 09.10.2013

20 saylı dairədə nə baş verir? - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

20 saylı Nərimanov rayon 2-ci seçki dairəsinin 16 saylı seçki məntəqəsində 1431 seçici var. 

Məntəqədə seçici siyahısı üzrə 13 qeydiyyatdan çıxıb. AzNews.az-ın məntəqədə olan əməkdaşının verdiyi məlumata görə, saat 11:40-a olan ən son məlumata əsasən 400-ə yaxın seçici artıq səs verib. Məntəqədə çoxlu sayda beynəlxalq müşahidəçi seçki prosesini izləyib. Onların arasında Almaniya, Macarıstan, Amerika təmsilçiləri, həmçinin Avropa Seçki Müşahidələri Akademiyasının üzvləri var. Beynəlxalq müşahidəçilər seçici siyahıları ilə maraqlanıb, səsvermə prosesinin gedişini izləyib. Məntəqədə Milli Şuranın müşahidəçiləri Fərman Quliyev, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Hacı Abbas Abbaslı, Müsavat Partiyasından Əjdər Behbudov, ADP-dən Elman Əsgərov, YAP-dan Natəvan Heydərova, Mircəfər Həsənov və Malik Məmmədov, öz təşəbbüsü ilə Nurxan Babayev müşahidə aparıb. 

Qeyd edək ki, bu məntəqədə seçici fəallığı daha yüksəkdir. Seçicilər səs vermək üçün növbəyə dayanıb. 

***

Nərimanov rayonunun 104 yaşlı sakini 19 saylı Nərimanov birinci seçki dairəsinin 15 saylı seçki məntəqəsində səs verib. Qaraş Qasımov adlı ən yaşlı seçici səsvermədə həvəslə iştirak etdiyini deyib. Q.Qasımov AzNews.az-a açıqlamasında bildirib ki, seçkilərdə həmişə iştirak edir. Bu gün də səsverməyə gələrək prezidentliyə layiq bildiyi namizədə səs verib.

***

AzNews.az-ın əməkdaşının müşahidə apardığı 19 saylı Nərimanov rayon Birinci seçki dairəsində seçki prosesinin tam axarında davam etdiyi bildirilir. DSK-da gedən seçki prosesini beynəlxalq müşahidəçilər də izləyib. Dairənin 13 saylı seçki məntəqəsində müşahidə aparan 16 siyasi təşkilatın təmsil olunduğu Latın Amerikası və Karib dənizi ölkələrinin siyasi təşkilatlarının konfransı sədri Qustavo Karvajal Moreno AzNews.az-a açıqlama verib. O bildirib ki, 2 seçki məntəqəsində olub və bundan sonra əlavə üç məntəqədə müşahidə aparacaq. Qonaq məntəqələrdə müşahidə etdiyi seçki fəallığını yüksək qiymətləndirib. O, deyib ki, barmaqlara mürəkkəb vurulması təcrübəsini alqışlayır. Beynəlxalq nümayəndə müşahidələri zamanı hər hansı qanun pozuntusuna rast gəlməyib. 

Sözügedən məntəqədə “Rəy” Monitorinq Mərkəzi “exitpol” keçirilir. Məntəqədən məlumat verilib ki, siyahı üzrə 1443 seçici var. 10 nəfər seçici ilk dəfə səs verib. Ümumilikdə, 130-dən artıq seçici artıq səs verib. Onlardan 105 nəfəri “exitpol”da iştirak edib. Dairə üzrə 31 nəfər seçici hərbi hospitalda müalicə olunur. Odur ki, həmin 31 seçici üçün hospitala seçki qutusu aparılacaq. İstənilən müşahidəçi həmin seçki prosesini müşahidə edə bilər. 

Əməkdaşımız xəbər verir ki, DSK-nın 17 saylı seçki məntəqəsində qeydiyyatda olan 1500 seçici var. 10 nəfər qeydiyyatdan çıxıb. Müşahidə apardığımız vaxta qədər 108 nəfər səs verib. Məntəqəyə beynəlxalq müşahidəçilər də baş çəkib. Rusiya səfirliyinin nümayəndəsi Sergey Vladimiroviç Volf 17 saylı seçki məntəqəsində olub. Məntəqədə Milli Şuranın, ASDP, BAXCP, YAP nümayəndələri müşahidə aparır. Məntəqədə öz təşəbbüsü ilə seçkini izləyən bitərəf müşahidəçilər də var. 6 nəfər indiyədək ilk dəfə səs verib. Burada da “Exitpol” keçirilir. 

20 saylı məntəqədə seçki fəallığı daha çox hiss olunur. Qapıdan girən kimi xüsusi aparat vasitəsilə barmaqlara mürəkkəb vurulması yoxlanılır. Məntəqədə 1306 nəfər seçici var, onlardan 10 nəfəri qeydiyyatdan çıxıb. Saat 10.40-a olan məlumata görə, 150-dən artıq səs verən şəxs arasında 12 nəfəri ilk dəfə səs verib. Seçicilər arasında 70 yaşlı seçici də var ki, o da birinci dəfə seçkilərə qatılıb. 

Məntəqədə müşahidə aparan Milli Şuranın və AXCP-nin nümayəndələri Mikayıl Quliyev və bitərəf Həmzə Məmmədov AzNews.az-a bildirib ki, səhər saatlarından etibarən məntəqədə müşahidə aparırlar. Hələ ki, heç bir qanun pozuntusu müşahidə etməyiblər.

***

Bu gün səhər saatlarından başlayaraq, Nərimanov rayonunda seçici fəallığı hiss olunmaqdadır. 

AzNews.az-ın əməkdaşının müşahidə apardığı 19 saylı Nərimanov rayon Birinci seçki və 20 saylı Nərimanov rayon İkinci seçki dairələrində seçki prosesinin tam axarında davam etdiyi bildirilir. 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar da 20 saylı Nərimanov ikinci seçki dairəsinin 18 saylı məntəqəsində prezident seçkisini müşahidə edib.

Səfir məntəqədə beynəlxalq və yerli müşahidəçilərə, siyasi partiyaların nümayəndələrinə yaradılan şəraitlə tanış olub.

Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə bütün məlumatları gün ərzində oxucularımızın diqqətinə çatdıracağıq./AzNews.az/