Bakıda 20 Yanvar metrostansiyasının yaxınlığında yuxuya gedən şəxsin 600 manat pulu və mobil telefonu oğurlanıb, daha sonra bank kartından 1500 manat başqa karta köçürülüb.
Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı saxlanılan şəxs məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə materiallarına görə, zərərçəkmiş şəxs təzyiqinin qalxması və özünü pis hiss etməsi səbəbindən 20 Yanvar metrostansiyasının qarşısındakı səkidə oturaraq yuxuya gedib.
Təqsirləndirilən şəxs onun bu vəziyyətindən istifadə edərək köynəyinin yaxa cibindən 600 manat pulu, səkinin üzərinə qoyduğu 340 manat dəyərində “Samsung Galaxy A14” markalı mobil telefonu götürüb.
Bununla kifayətlənməyən şəxs zərərçəkmişin telefonundakı “Birbank” tətbiqindən istifadə etməklə “Kapital Bank”a məxsus kartdan 1500 manat pulu özünün istifadə etdiyi digər “Kapital Bank” kartına köçürüb. Nəticədə zərərçəkmişə ümumilikdə 2440 manat maddi ziyan vurulub.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib. O, taksi sürücüsü olduğunu və hadisə günü Şamaxıdan Bakıya sərnişin gətirdiyini bildirib.
Onun sözlərinə görə, yolda sərnişinlərdən biri sükanı çəkdiyi üçün qəza baş verib. Təqsirləndirilən şəxs həmin sərnişinin avtomobilə dəymiş ziyana görə onun bank kartına 1500 manat göndərdiyini, daha sonra isə həmin sərnişinə 1000 manat nağd qaytardığını deyib.
O, zərərçəkmiş şəxsi tanımadığını, onun pulunu və telefonunu götürmədiyini bildirib. Təqsirləndirilən şəxs həmçinin istintaq zamanı verdiyi ifadələrin doğru olmadığını və müstəntiqin ona həmin ifadəni verdiyi halda buraxılacağını söylədiyini iddia edib.
Zərərçəkmiş şəxs isə məhkəmədə bildirib ki, hadisə zamanı huşu özündə olmayıb. Ayıldıqdan sonra telefonunun və cibindəki pulun götürüldüyünü görüb. Daha sonra banka müraciət etdikdə kartındakı pulun da çıxarıldığını öyrənib.
Zərərçəkmiş şəxs hadisəni törədən şəxsi görmədiyini bildirib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilmədiyini deyib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar törədildikdə), 177.2.3-1-ci (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 177.2.5-ci (elektron və ya digər texniki vasitələrdən istifadə etməklə törədildikdə) maddələri ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Lakin onun daha əvvəl Qobustan Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası aldığı da nəzərə alınıb. Əvvəlki və hazırkı cəzalar qismən toplanaraq təqsirləndirilən şəxsə qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Onun əvvəlki iş üzrə tutulduğu 2 gün cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Seyid
Şərhlər