
Hadisə Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində olub
Nərimanov rayonunda lombarddan oğurluq edilib. Pula olan maraq lombardda işləyən sürücünün iş prinsiplərinə üstün gəlib.
ANS TV-nin məlumatına görə, bu maraq sonda oğurluq hadisəsinə kimi gedib çıxıb. Oğurluğu təşkil elətdirdiyinə görə də indi cavab verməli olacaq.
Sürücü işlədiyi lombarda xəyanət edib. O, lombarda məxsus, içində külli miqdarda pul və qızıl olan avtomobilin tanışı tərəfindən qarət olunmasını təşkil edib. Hadisə Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində olub. Sevinc Bayramova adlı qadın polisə məlumat verib ki, sahibi olduğu lombardın avtomobilindən 26 min AZN pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Nərimanov rayon polis idarəsinin müstəntiqi Elnur Məmmədovun sözlərinə görə, məlum olub ki, hadisəni elə həmin lombardın sürücüsü Sadiq Rüstəmov qabaqcadan əlbir olduğu İsa Hümbətovla törədib.
Saxlanılan şəxs İsa Hümbətov isə qeyd edir ki, məhəllə uşağı Sadiq lombardda işləyirdi: “Mənə dedi ki, məndə həmişə maşında pul olur. Mən düşəndə şüşəni qır götür, məndə qırıb götürdüm”.
İsa Hümbətov Laçın sakini olan lombardın sürücüsü Sadiq Rüstəmovun planı əsasında cinayəti törətdikdən sonra qaçsa da, polis onu saxlayıb. Qızıl-zinət əşyalarının hamısı onun üzərindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Elnur Məmmədov bildirib ki, İsa Hümbətov istintaqa 26 min AZN pulun 2400 AZN-ni və bir də qızılları qaytarıb.
İsa Hümbətov isə dedi ki, noutbuk çantasında qızıl, bir də içində 2500 AZN pul olub, onlar məbləği çox deyirlər, amma içində 2500 AZN olub.
Fakta görə, sürücü Sadiq Rüstəmov və İsa Hümbətov barəsində Nərimanov Rayon Polis İdarəsində oğurluq maddəsilə cinayət işi başlanıb, onların başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Qaynar.info