
Bir dəqiqə əvvəl Azərbaycana Bahar gəldi
ANN.Az xəbər verir ki, bahar Azərbaycana martın 20-də saat 20.57-də daxil olub. Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
Qeyd edək ki, fevralın 25-də Azərbaycan ilk, martın 18-də isə axır çərşənbə qeyd olunub.Şərqin müxtəlif xalqlarında Yeni Gün bayramı, Ərgənəgün bayramı, Bahar bayramı kimi tanınan Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır.Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.