
Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayətinə baxıb.
Apellyasiya şikayəti Pərviz Həşimli barəsində həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə Səbail Rayon Məhkəməsinin 7 noyabr qərarından verilmişdi.
Pərviz Həşimlinin vəkili Elçin Sadıqov “Media forum” saytına deyib ki, proses hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilib: “Məhkəmə apellyasiya şikayətini təmin etmədi. Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə qaldı. Prosesdə Pərviz Həşimlinin özü də iştirak edirdi.
Yaxın günlərdə Pərviz Həşimlinin evində və ofisində aparılan axtarışla bağlı verdiyimiz apellyasiya şikayətinə baxılacaq. Pərviz Həşimlinin bir başqa şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilməyə hazırdır. Biz Pərviz Həşimliyə Avropa İnsan Hüquqları Konvensiyanın 5, 6, 8 və 10-cu maddələri ilə verilmiş hüquqların pozuntusundan şikayətçiyik”.
Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb.
Qaynar.info