Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda “Demokratik Qüvvələrin Milli Şurası” təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizədliyi qeydə alınmış professor Cəmil Həsənlinin 22 sentyabr tarixində Bakı şəhərində seçicilərlə görüşünün yüksək səviyyədə keçirildiyi qeyd edilib. Bu işdə əməyi olan funksionerlərə və bütün tədbir iştirakçılarına partiyanın Divanı adından təşəkkür edilib. Bu görüşün baş tutmaması üçün müxtəlif təşkilatlar və şəxslər tərəfindən həyata keçirilən qeyri-qanuni hərəkətlər, o cümlədən müsavatçı gənclərin polis tərəfindən saxlanması pislənilib. Seçicilərlə növbəti görüşün 29 sentyabrda həmin yer və həmin saatda keçirilməsi müsbət qiymətləndirilib. Seçki kampaniyasının daha da uğurlu alınması üçün müxtəlif təkliflər irəli sürülüb və müzakirə edilib.
Divanda seçki kampaniyası dövründə bu vaxta qədər günahsız olaraq həbsdə saxlanılan Müsavat Partiyası başqnının müavini Tofiq Yaqublunun, başqan müşaviri Yadigar Sadıqovun, REAL hərəkatının sədri İlqar Məmmədovun, inanclı kəsimin nümayəndələri Mövsüm Səmədovun, Hacı Tale Bağırzadənin,Hacı Abgülün, söz və fikir azadlığına görə həbs edilən Hilal Məmmədovun, NİDA Vətəndaş Hərəkatının fəalları Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, AGT fəalı İlkin Rüstəmzadə və digər gənc fəalların azad edilməsi əvəzinə, Yadigar bəyin istintaq müddətinin artırılması, AXCP Ali Məclisi üzvü Pərviz Həşimovun həbs edilməsi və həmçinin Əli Kərimlinin oğlunun və digər gənclərin polis tərəfindən saxlanılaraq sifarişli məhkəmə tərəfindən 25-30 günlüyə həbs edilməsi hakimiyyətin siyasi repressiyaları daha da artırdığını sübut edir.
Divan professor Cəmil Həsənlinin namizədlər üçün ayrılmış efir vaxtı zamanı hakimiyyətin dəstəklədiyi namizəd tərəfindən təhqirlərə, fiziki təzyiqlərə və ölümlə təhdidlərə baxmayaraq MSK-nın Cəmil Həsənlinin şikayətinə baxarkən təhqir edən tərəfin təhqirə məruz qalan tərəfdən daha yüngül cəza ilə cəzalandırılmasını Cəmil Həsənliyə qarşı haqsızlıq kimi qiymətləndirib və namizədlərə bərabər şəraitin yaradılmaması kimi qiymətləndirib.
Müsavat Partiyasının Divanı professor Cəmil Həsənlinin seçicilərlə görüşünə yaradılan maneələri pisləyir, bunun hakimiyyət tərəfindən həyata keçirildiyini bəyan edir, MSK-dan və müvafiq dövlət qurumlarından bu hərəkətlərə yol vermiş təşkilat və şəxslərin aşkarlanaraq, qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir.