Xəbər lenti

Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu
Ölkə07:04 13.07.2013

Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Şuranın Beynəlxalq komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin əmlakına həbs qoyulub. Qaynar.info xəbər verir ki, bu barədə Azadlıq.az məlumat yayıb.  

Məlumata görə, Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin anası, evdar qadın Məmmədova Nəhayət Vəli qızı Gültəkin Hacıbəylinin maddi imkanı olmadığı üçün ondan evini təmir etdirmək məqsədi ilə millət vəkili olduğu 2003-cü ildə aldığı 50 min ABŞ dolları məbləğində borcun qaytarılması haqqında iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. 

28 iyun 2013-cü il tarixində Nəsimi rayon məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə keçən hazırlıq iclasında Gültəkin Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyevin anası Nəhayət Məmmədovanın nümayəndəsi də iddianı təmin etmə tədbiri kimi Gültəkin Hacıbəyliyə məxsus maşın və ev, eləcə də onun həyat yoldaşına məxsus və baş etibarnamə ilə idarə edilən maşın üzərinə həbs qoyulması ilə bağlı vəsatətlə çıxış edib. Hakim, Gültəkin Hacıbəylinin nümayəndəsi Sahil Quliyevin də iştirak etdiyi hazırlıq iclasında bütün tərəflərin gözü qarşısında vəsatəti geri qaytarıb. 

Ancaq iyulun 12-də Gültəkin Hacıbəyli özünə məxsus ev və maşın, eləcə də həyat yoldaşına məxsus maşının üzərinə həbs qoyulması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 28 iyun tarixli qərardadını alıb. Bildirilir ki, məhkəmə 28 iyun tarixdə elan etdiyi qərarını əksinə dəyişib. 

Məlumatda bildirilir ki, Gültəkin Hacıbəylinin üzərinə həbs qoyulan mənzili ilə eyni binada sabiq millət vəkili Gülər Əhmədovanın da mənzili var. Barəsində dələduzluq ittihamı ilə həbs qəti-imkan tədbiri seçilən, Elşad Abdullayevdən bir milyon ABŞ dolları alması faktı təkzibedilməz sübutlarla təsdiqini tapmış Gülər Əhmədovanın mənzilinə həbs qoyulmayıb.

Qeyd edək ki, Gültəkin Hacıbəylinin vəkilləri Bəhruz Bayramov və Sahil Quliyev də "Azadlıq"-a məhkəmənin öz qərarını dəyişdirdiyini və sabiq deputatın əmlakına həbs qoyulmasını təsdiqləyiblər. Həmin prosesdə iştirak edən Sahil Quliyev bildirib ki, hakim Nəhayət Məmmədovanın nümayəndəsinin təqdim etdiyi vəsatəti ümumiyyətlə müzakirə etməyib. “Vəsatət müzakirə olunmadan geri qaytarıldı. Amma indi bəlli olur ki, elə həmin tarixdə həmin vəsatət əsasında iddianı təmin etmə tədbiri haqqında qərardad çıxarılıb. Bunun bir adı var: saxtakarlıq”.

Bəhruz Bayramov isə deyib ki, bu qanunsuzluqdur: “Bu hüquq adına nonsesdir”.

Qaynar.info