Xəbər lenti

Müsavat Partiyası bəyanat yaydı
Ölkə12:50 19.02.2013

Müsavat Partiyası bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün bir qrup məhkəmə icraçısı Müsavat Partiyası başqanının mənzilinə gələrək 12 yanvar aksiyasında 500 manat, 26 yanvar mitinqində 2500 manat məbləğində cərimə olumuş N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Müsavat başqanının oğlu Turqut Qəmbərin məhkəmə cəriməsi ödənmədiyinə görə, onun yaşadığı mənzildəki əmlakı qeydə alıb. 

Evin və evdəki əmlakın Turqut Qəmbərə deyil, İsa Qəmbərə aid olduğu onlara aydın şəkildə izah edilməsinə baxmayaraq, məhkəmə icraçıları qanuna zidd əməllərini dayandırmayıblar.

Ümumiyyətlə, son günlər Bakı şəhərində, eləcə də ayrı-ayrı rayonlarda məhkəmə icraçıları analoji tələblərlə həmin mitinqdə cərimə olunan fəalların mənzillərinə soxulur, həmin evlərdəki əmlakı qeydə alır və bu zaman həmin əmlakın cərimə olunan şəxsə aid olub-olmadığı belə müəyyənləşdirilmir. Artıq Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, Müsavat Gənclər Təşkilatının fəalı Elçin Cərullazadə, Azad Gənclik Təşkilatının sədri Ülvü Həsənli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bu təzyiqlərlə üzləşiblər.

Bu yaxınlarda Milli Məclis kütləvi aksiyalarda iştiraka görə cərimələrin miqdarını absurd həddə qədər yüksəltməklə bağlı qanun qəbul edəndə çoxları bunun hakimiyyət tərəfindən siyasi repressiya faktı kimi istifadə ediləcəyini proqnozlaşdırmışdı. Bu gün artıq həmin proqnozlar özünü doğruldur.

Müsavat Partiyası hesab edir ki, ictimai-fəal şəxsləri  bu cür zorakı üsullarla şantaj etmək  əslində ölkədə gündən-günə artan siyasi fəallığın qarşısını almağa yönəlib. Partiya bu kampaniyanı hakimiyyətin yeni repressiya siyasəti kimi qimətləndirir və bildirir ki, bu cür təqib və təzyiqlərlə insanları öz haqları və ölkədə demokratiyanın, azad vətəndaş cəmiyyətinin qurulması uğrunda mübarizədən yayındıra bilməyəcək.

Müsavat Partiyası bu özbaşınalığa tezliklə son qoyulmasını tələb edir və bəyan edir ki, hakimiyyət bu cür üsullarla öz məqsədinə çata bilməyəcək.

Qaynar.info