XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

2027-ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)
Foto19:00 20.08.2026

2027-ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

Ekspertlərin fikrincə, “Gucci Indy” və “Prada Fairy” kimi sevilən modellər 2027-ci ildə daha çox diqqət çəkəcək

2026-cı il vintaj çantaların ili oldu. Bir vaxtlar yalnız moda həvəskarlarının maraq dairəsində olan bu kolleksiya aksesuarlarına indi geniş tələbat var. Onlar mürəkkəb detalları, fərqli görünüşü və nadirliyi ilə seçilir.

Bu maraq 2024-cü ildə “Balenciaga” Nikola Geskyerin 2001-ci ildə hazırladığı orijinal dizayndan ilhamlanan ikonik “City” çantasını yenidən təqdim etdikdən sonra artmağa başladı. 2025-ci ilin sonlarında isə “Chloé”nin ilk dəfə 2005-ci ildə təqdim edilmiş və sonradan yenidən buraxılmış “Paddington” modeli, eləcə də “Celine”in yeni “Phantom” versiyası mağazalarda və podiumlarda göründü.

Həmin il Ceyn Birkinə məxsus, 1985-ci ilə aid vintaj “Hermès Birkin” prototipi “Sotheby’s” hərracında rekord məbləğə — 10,1 milyon dollara, yəni 8,6 milyon avroya satıldı.

Təkcə 2026-cı ildə “Saint Laurent” 2002-ci ilə aid “Mombasa” modelini yenidən satışa çıxardı, “Louis Vuitton” isə Y2K dövrünün “Speedy”, “Keepall”, “Noé”, “Alma” və “Neverfull” modellərini yenidən şərh etdi. “Loewe” və “Bottega Veneta” da podiumda arxiv çanta üslublarına istinad etdilər. “Dior”un kreativ direktoru Conatan Anderson isə ilk kruiz kolleksiyası üçün Con Qallianonun 2001-ci ilin yaz-yay mövsümünə aid “Trailer Trash” kolleksiyasındakı “Cadillac” çantasını geri qaytardı.

Bella Hadidin Kann festivalında 1990-cı illərə aid “Prada” çiyin çantalarına üstünlük verməsi göstərir ki, bu tendensiya məşhurlar arasında da populyardır. Əsl vintaj çantalar artıq qalıcı tendensiyaya çevrilib. Onların modaya və tələbata təsiri o qədər aydındır ki, brendlər də bunu görməzlikdən gələ bilmir və yenidən buraxılan modellərin sayı artır.

Buna görə də bir neçə vintaj moda eksperti ilə danışaraq növbəti “It bag” kateqoriyasına daxil ola biləcək modellərlə bağlı proqnozlarını öyrəndik.

“Gucci Indy”, 2006

“Rebelonging”in təsisçisi Kris Cianq deyir ki, bu çanta artıq populyarlıq qazanmağa başlayıb.

“Düşünürəm ki, bu model artıq yüksəlişə keçməyə başlayıb. ‘YSL Mombasa’nı xatırladan unikal tağşəkilli metal detalları hazırda dəbdə olan saçaq elementi ilə birləşir. Müxtəlif kolleksiya çapları və materialları sayəsində bu, istənilən qarderobda öz yerini tapa biləcək bir modeldir. Mənim şəxsi favoritlərim piton dərisindən olan versiyalardır. 2025-ci ildən bu günədək həmin modeli əldə etmək xərclərinin yüksəlməsi səbəbindən biznesimizdə onun təkrar satış dəyəri artıq 64,3 faiz artıb”.

“Chanel Cambon”, 2004

Vintaj axtarış sistemi “Gem”in təsisçisi Liisa Yokinen hesab edir ki, yeni kreativ direktor Matye Blazi “Chanel”i yenidən diqqət mərkəzinə gətirib.

“Düşünürəm ki, insanlar indi ‘Chanel’in tarixində daha çox kölgədə qalmış dəyərli modelləri və az tanınan nümunələri axtarmağa hazırdırlar. İstehsalı dayandırılmış ‘Chanel Cambon’ hazırkı Y2K dəbinə mükəmməl uyğun gəlir. O, idman üslubu ilə zərifliyin ideal birləşməsidir. Böyük loqolar ilk baxışda çantaya bir qədər kitsch görünüş verə bilər, amma fikrimcə, bu xüsusiyyət onu daha da maraqlı edir”.

“Prada Fairy”, 2008

“Malena’s Vintage Boutique”in təsisçisi Malena Martinez deyir ki, əsl “fairy-core” məhz bu kolleksiya ilə yaranıb.

“Əriyirmiş kimi görünən çiçək formalı hündürdaban ayaqqabılar, bataqlıq rənglərini xatırladan optik naxışlar, dəri və ipək üzərində spiral formalı təbii qatlar — bu çanta bütün həmin elementləri özündə birləşdirir. Onu küçədə nadir hallarda görmək olur, lakin görünən kimi dərhal seçilir və ‘It bag’ olduğu anlaşılır”.

“Chanel Python Flap”, 2007

Kris Cianq “Chanel Python SoHo Tassel” modelinin bu il “Rebelonging”də ən çox tələb olunan çanta olduğunu bildirir.

“2027-ci ildə bu çanta rəsmi olaraq vintaj kateqoriyasına daxil olacaq və buna görə də bu siyahıya ideal şəkildə uyğun gəlir. Matye Blazinin yeni kolleksiyalarının gündəm yaratması fonunda vintaj ‘Chanel’ modellərinə tələbat bizdə son dərəcə yüksəkdir. ‘Chanel’in ekzotik dəridən hazırlanmış məhsulların satışını dayandırması və timsah dərisi effektli ‘Executive Cerf Tote’ modelini təqdim etməsi səbəbindən məhz vintaj ekzotik dərili modellərə marağın artdığını müşahidə edirik. Bu isə piton dərisini klassik qapaqlı dizayn və əlavə saçaq detalı ilə birləşdirən ‘SoHo Tassel Flap’ modelinə xüsusi maraq yaradıb”.

“Mulberry Alexa”, 2010

Liisa Yokinen hesab edir ki, “indie sleaze” dövrünə aid iri, yumşaq formalı çiyin və satchel çantaları 20 illik yubileylərinə yaxınlaşdıqca daha da populyarlaşacaq.

“Modelin adını daşıdığı Aleksa Çanq həmin dövrün ən böyük stil ikonalarından biri idi. ‘Mulberry’ son vaxtlar bir qədər diqqətdən kənarda qalıb, lakin bu, köklü tarixə malik, incə və klassik bir brenddir — istəsəniz, buna sakit lüks də deyə bilərsiniz. ‘Balenciaga City’ çantalarında olduğu kimi, ‘Mulberry Alexa’ modellərinin köhnəlmiş, bir qədər əzilmiş və çox istifadə olunmuş görünməsi problem deyil. Çantanın keçmişi onun cazibəsinin bir hissəsidir və bu tarix görünməlidir”.

“Louis Vuitton Murakami Speedy”, 2003

Malena Martinez bildirir ki, lüksü qeyri-adi incəsənətlə birləşdirmək uğursuz nəticə verə bilərdi, lakin bu çantalarda, əksinə, nəticə çox uğurlu alınıb.

“Modelin yenidən buraxılması insanları ilk buraxılışları axtarmağa sövq edib”.

“Ralph Lauren Hobo Fringe”, 2000-ci illərin əvvəlləri

Malena Martinez deyir ki, vintaj “Ralph Lauren” artıq demək olar ki, hər bir moda həvəskarının sosial media lentində görünür.

“İkonik brendin kökləri Amerika estetikasına söykənir və indi axtarışda növbəti hədəf onun yüksək səviyyəli çantalarıdır. Yumşaq zamşa, sərbəst siluet və sanki bədəninizin bir hissəsi kimi hərəkət edən saçaqlar payız mövsümündə və sonrakı dövrdə əsas aksessuarlardan birinə çevriləcək”.

“Chanel XXL Flap”, 1990–2010-cu illər

Kris Cianq bildirir ki, “Rebelonging”də çox tələb olunan bu modelin bir neçə fərqli versiyası var.

“1990-cı illərdə istehsal edilən, iri ölçülü, 24 karat qızılla örtülmüş qalın metal detallara malik qapaqlı çantalardan tutmuş 2016-cı ilin ‘Airline Flap’ modelinə qədər — hərçənd sonuncu hələ vintaj hesab edilmir — iri ölçülü çantalara maraq sürətlə artır. Gələn il hər bir dəbli qadın onlardan birini qarderobuna əlavə etmək istəyəcək”.

Kristen Beytman, "Elle"

Tərcümə: Qaynarinfo.az